2023-cü ildə meriya və “Yenə də böyüyəcəklər”-in mühafizəsi üçün 202 800 lari xərclənəcək
Marneuli yerli özünüidarəsi meriyanın inzibati binasının və mədəni irsi statusu olan “Yenə də böyüyəcəklər” abidəsinin, onun ərazisinin odlu silahla mühafizə edilməsi üçün 202 800 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb.

Daxili İşlər Nazirliyinin Mühafizə Polis Departamenti ilə bağlanmış sadələşdirilmiş müqaviləyə görə, Departament 2023-cü il ərzində meriya binasının və “Yenə də böyüyəcəklər” abidəsinin mühafizə xidmətini həyata keçirməlidir.

202 800 lari dəyərində müqavilə mühafizə polisi əməkdaşlarının aylıq əməkhaqqı üçün nəzərdə tutulub. Bir baş mühafizəçinin aylıq əməkhaqqı 1900 lari olacaq və o, il ərzində 22 800 lari alacaq. Bir kiçik mühafizəçinin əməkhaqqı isə 1250 lari olacaq. Meriya və “Yenə də böyüyəcəklər”-in mühafizəsi üçün 12 kiçik mühafizəçi işlə təmin olunacaq. Onların əməkhaqqı üçün isə bir il ərzində 180 000 lari ayrılıb.

Qeyd edək ki, Marneuli meriyası 2022-ci ildə də Mühafizə Polisi Departamenti ilə qeyd olunan müqaviləni bağlamışdı. Meriya 2022-ci ildə mühafizə xidmətinə 162 000 lari ödəmişdi.


Print Email
FaceBook Twitter Google