Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə 21 mart istirahət günü olacaq
"Novruz bayramının qeyd edildiyi bələdiyyələrdə 21 Mart dövlət və özəl məktəblərdə istirahət günü olacaq".

Bu barədə Gürcüstanın təhsil və elm nazirliyi, ictimai fəal Aygül İsayevaya mövzu ilə bağlı ünvanladığı müraciətinə cavabında qeyd edib. Belə ki, 15 fevral, 2023-ci il tarixində müxtəlif regionlardan təmsil olunan müəllimlərin imzası ilə yaz tətili günlərində dəyişiklik edilməsi və tətilin Novruz bayramını əhatə etməsi ilə bağlı nazirliyə müraciət ünvanlanıb. Müraciətdə Şimal yarımkürəsində astronomik yazın gəlişinin Novruz bayramına təsadüf etməsi, bayrama hazırlığın günlərlə vaxt tələb etməsi, həmçinin hər il adəti üzrə Gürcüstanın baş naziri, prezident və ya digər mötəbər qonaqların azərbaycanlıları Novruz bayarmı münasibətilə təbrik etmələri üçün Kvemo Kartli bölgəsinə səfər etmələri beləliklə də, məktəblərdə dərslərin pozulması, dayandırılması, eləcə də dövlət idarələrində, meriyada işin dayandırılıb, hər kəsin qonaqları qarşılamaq üçün səfərbəredilməsi öz əksini tapıb.

Nazirliyin cavab məktubunda deyilir: “Gürcüstan prezidentinin 23 mart 2010-cu il tarixli 187 saylı fərmanına əsasən Novruz bayramının qeyd edilməsi ilə əlaqədar olaraq martın 21-i Gürcüstanda bayram günü elan edilib. Novruz bayramının qeyd edildiyi bələdiyyələrdə 21 Mart dövlət və özəl məktəblərdə istirahət günü elan edilib, hansı ki, bu hüquq, səlahiyyət milli kurikulumda da öz əksini tapıbdır. Martın 21-nin bayram günü elan olunması ilə əlaqədar olaraq azərbaycandilli məktəblərin müraciəti əsasında istirahət gününə razılıq verəcək.

Fürsətdən istifadə edərək, qardaş azərbaycanlılara dərin ehtiramımızı bir daha bəyan edir və milli varlığın qorunub saxlanması və daha da inkişaf etdirilməsi yolunda Sizə bundan sonra da dəstək verməyə hazır olduğumuzu bildiririk.”


İctimai fəal Aygül İsayeva ilə söhbətimiz zamanı 21 mart tarixində buraxılan dərslərin şənbə və ya bazar günləri əvəz edilməyəcəyinə dair aydınlıq gətirildi: “İllərdir, 21 mart tarixində azərbaycandilli məktəblər istirahət etmirdi. Qeyri-rəsmi olaraq məktəblərdə dərslər pozulsa da müəllimlər və şagirdlərin məktəbə gəlməsi məcburi idi. Məktəb direkorları təhsil resurs mərkəzlərinə zəng edib 21 mart tarixində istirahət etmələri ilə bağlı müraciət etdikdə rədd cavabı alırdılar. Keçən ildən bu məsələni ictimailəşdirdik. Təhsil nazirliyi tərəfindən 21 mart tarixində məktəblərin istirahət etməsi ilə bağlı əldə etdiyimiz rəsmi məktubu resurs mərkəz və məktəb direktorları ilə paylaşıb verilən qərarla onları tanış etdik. Təəssüflər olsun ki, keçən il təhsil resurs mərkəzləri tərəfindən məktəblərə 21 mart tarixində buraxılan dərslərin şənbə və ya bazar günlərində əvəz edilməsinə dair göstəriş verildi, bu isə məktəblərin narazılığına səbəb oldu. Bu il yenidən müraciət etdik. Təhsil nazirliyindən verilən rəsmi məlumata görə 21 mart tarixində buraxılan dərsi şənbə və ya bazar günləri əvəz etməyə ehtiyac olmayacaq. Məktəb direktorları Novruz bayramı ilə əlaqədar istirahət etmək istəklərinin olması ilə bağlı nazirliyi və ya təhsil resurs mərkəzlərini məlumatlandırmalıdır. Yalnız bundan sonra məktəblər 21 mart tarixində istirahət edə biləcəklər. Bununla belə, bizim əsas məqsədimiz yaz tətili günlərinin dəyişdirilməsi və Novruz bayramını əhatə etməsi olaraq qalır, bununla bağlı işlər davam etdiriləcək,” – deyə Aygül İsayeva bildirdi.

Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Print Email
FaceBook Twitter Google