23 fevral tarixində Xocorni, Güllübağ, Tsopi kəndlərində Kəndə
Dövlət Dəstəyi Proqramı çərçivəsində yığıncaq keçirilib.
Görüşdə Marneuli bələdiyyəsinin nümayəndələri və kənd əhalisi
iştirak edib. Yerli sakinlər dövlət nümayəndələrinə kənddə mövcud
olan problemlərdən danışıblar.
İlk olaraq görüş, Xocorni kəndində məktəb ərazisində başlayıb və
yerli sakinlər kənddə uşaq meydançasının qurulmasını
dəstəkləyiblər.
Daha sonra görüş Güllübağ kəndində davam etdirilib. Meriya
nümayəndələri əhalini dinləyib və onların istəklərindən irəli
gələrək daxili yollara çınqıl tökülməsinə qərar verilib.
Son yığıncaq Tsopi kəndində keçirilib. Sakinlər öz fikirlərini
irəli sürüblər və son nəticədə daxili yolların betonlanmasını tələb
ediblər.
Qeyd edək ki, fevralın 12-də Marneulidə Kəndə Dəstək Dövlət
Proqramı başlayıb
və bələdiyyə əməkdaşlarından ibarət qruplar müxtəlif kəndlərdə
sakinlərlə görüşür.
Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 26 fevrala
qədər davam edəcək. Kəndə Dəstək Proqramı üçün 2024-cü ildə
Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1
232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb.
Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.