“Bəzi insanlar boksun qız peşəsi olmadığını deyirdilər”- 15 yaşlı Nərmin Bayramova
Marneulidə 15 yaşlılardan ibarət boks üzrə Gürcüstan çempionatında Marneuli bələdiyyəsinin Şulaveri kəndindən olan Nərmin Bayramova birinci yerə çıxıb. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Tbilisidən və Qoridən olan iki gürcü rəqibi ilə döyüşüb.

“2009-cu ildə anadan olmuşam və 11 yaşımdan boksla məşğul olmağa başlamışam. Uşaqlıqdan idmana həvəsim var. Təxminən 10-14 döyüşə çıxmışam. Gürcüstan üzrə ötən il ikincilik əldə etmişdim, indi birinciliyi qazandım. Rəqiblə döyüşə çıxan zaman qalib olacağıma inanırdım. Qalib olmağı çox istəyirdim və elə də oldu. Mükafat olaraq diplom, kubok və medal qazandım”,
– Nərmin Bayramova.

Gənc boksçu bildirir ki, boksa yazılmaq onun öz istəyi olub və valideynləri ona dəstək olublar.

“Boksa yazılmağı özüm istədim və valideynlərim icazə verdilər. Dəstəkləyənlər də oldu, qarşı çıxanlar da. Bəzi insanlar boksun qız peşəsi olmadığını deyirdilər, amma mən onlara cavab olaraq məqsədimin olduğunu və bunun arxasınca gedəcəyimi bildirdim. Gələcəkdə də bu sahə üzrə davam etmək istəyirəm, məqsədlərim var. Dünya çempionatında qalib gəlmək, həm də müəllim olmaq istəyirəm. Şagirdlərə boks üzrə dərs keçməyi arzulayıram. İdman sağlamlıq üçün çox yaxşıdır. Digər tərəfdən insanın dünyagörüşü artır. Müəllimlərimə Röyal Qarabağlıya, Xəyal Qarabağlı və Roman Orucova – təşəkkür edirəm”, – Nərmin Bayramova dedi.

Nərminin məşqçilərindən Röyal Qarabağlı bildirdi ki, idmanla 11 ildir məşğul olur və qalib gələn şagirdləri çox olub.

Qeyd edək ki, sözügedən çempionat 20-25 fevral tarixlərində Marneulidə “Azərbaycan Evi” İdman Mərkəzində keçirilib.

Çempionatın təşkilatçıları Gürcüstan Milli Boks Federasiyası və Marneuli İdman Məktəbidir. Çempionat Gürcüstan Mədəniyyət və İdman Nazirliyi, Marneuli yerli özünüidarəsinin dəstəyi ilə keçirilib.

İdman Məktəbinin məlumatına görə, bu il çempionatda 230 boksçu iştirak edib.


Print Email
FaceBook Twitter Google