Marneulidə badamcıqdan əməliyyat olunan 6 yaşlı uşaq Tbilisidə yerləşən klinikaya aparılıb
6 yaşlı Kürtlər kənd sakini Canan Şərəyeva badamcıq əməliyyatından sonra yaranan ağırlaşmalara görə, bu gün, 3 aprel tarixində Marneulidən Tbilsi şəhərində yerləşən İaşvili klinikasına köçürülüb. O, 14 mart tarixində “Aversi” klinikasında badamcıqdan əməliyyat olunub. Həkimlər onu əməliyyatdan bir neçə gün sonra evə buraxıblar. Daha sonra 25 mart tarixində qanaxma baş verib və ailə uşağı həkimə aparıb. Ancaq həkimlər heç bir problemin olmadığını qeyd ediblər və geri göndəriblər. Bu barədə məlumatı “Marneuli” radiosuna Cananın bibisi Lalə Binnətova verdi.

“Öz günahlarıdır, əməliyyat edən zaman damarın hansısa birinə zərər veriblər. İndi də tapa bilmirlər. Dünən axşam yenə oldu qanaxması, yenə gəldik buraya. Uşaq 1 ayda 4 dəfə əməliyyat olunub. Dünən axşam uşaq özünə gələndə həkimlərə dedik, uşağı şəhərə aparaq. Həkimlər bizə dedilər, aparın uşağı istər ölsün, istər qalsın, bizlik deyil. Uşağın atasına pis vəziyyətdə müqavilə imzaladıblar. Heç bilməyib, nə üçün, necə çəkib. Ondan sonra səhərə qədər bizə uşağı vermədilər”, – Lalə Binnətova bildirdi.

O, qeyd edir ki, həkim uşağın qanında nə isə olduğundan şübhələnib.

“Necə həkim, necə xəstəxanadır ki, diaqnoz qoya bilmir. Səhər yenə qan veriblər. Qan verilən zaman yenə qanaxma oldu. Yenidən əməliyyat etdilər”.

Mövzu ilə bağlı uşağın yaxını Nihad Binnətov bildirir ki, səhlənkarlıq klinikanın özündədir.

“Belə bir həkimə gündə neçə insan müraciət edir. Bu insan həyatıdır, bunu hökumət, hər kəs bilməlidir. Bilməlidir ki, insan həyatı bu qədər ucuz olmamalıdır. 3-4 gündür, hələ yeni analiz götürüblər. Bu düzgün deyil. Adicə bir diş çəkiləndə belə bunun analizini etməlidirlər. Bu böyüklükdə Marneuli şəhəri xəstəxana və həkim çatışmazlığı əlindən Tbilisiyə gedir. Ən təcili xəstələrə burada müayinə yoxdur. Bəlkə var, amma yetərincə həkim yoxdur. Bu həm hökumətin, həm xəstəxananın problemidir. Buna görə də, həkimlər istədiyini edirlər. 20 gündür, əməliyyat olunub, yenidən qanaxma olub. Bu düzgün şey deyil”.

Nihad Binnətovun sözlərinə görə, qanaxma baş verəndən sonra həkimə aparıblar, amma həkim klinikada olmadığına görə onları geri göndəriblər.

“Belə bir şey ola bilməz, bura xəstəxanadır. Təcili yardıma zəng edirik, onun da vaxtı yoxdur. Bu hakimiyyət haraya baxır?!. Bu birinci növbədə dövlətin, ikinci xəstəxananın, üçüncü növbədə isə həkimin günahıdır”,
– Nihad Binnətov dedi.

Əməliyyatı həyata keçirən “Aversi” klinikasının həkimi “Marneuli” radiosuna danışdı.

“20 gün əvvəl badamcıq vəzi əməliyyatı etdik. Yaxşı vəziyyətdə getdi. 20 gündən sonra qanaxma baş verib. Səbəbini bilmirik, nə isə baş verib. Ola bilsin, dietanı pozub. Bu mümkündür, əməliyyatdan sonra belə hallar baş verə bilər. Ancaq 20 gündən sonra baş verməsi bir az gecdir. İaşvili klinikasına yerləşdirdik. Burada əməliyyat olunmuşdu, qanaxmanı dayandırdıq, sonra yenə başladı. Ona görə də təcili yardımla İaşvili klinikasına aparıldı”,
– həkim Davit Kebrişvili qeyd etdi.

Qeyd edək ki, 2018-ci ildə Kürtlər kəndində yaşayan 12 yaşlı yeniyetmə oxşar hadisə səbəbindən dünyasını dəyişmişdi. O, Marneulidə fəaliyyət göstərən “Marneuli Tibbi Mərkəz” kimi adlandırılan “Adika” MMC-də əməliyyat olunmuşdur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google