Fərqli baxışlarına görə insanlar öz icması tərəfindən ayrl-seçkiliyə məruz qalırlar

Marneuli sakini Şəlalə Əmircanova Gürcüstanın ən baxımlı verilişlərindən olan “Nanukas Şou” verilişində azərbaycanlılar arasında gender problemi barəsində açıq şəkildə söhbət açdığında 19 yaşı var idi.



Şəlalə öz ətrafındakılardan misal gətirmişdi və bildirmişdi ki, qızları 9-cu sinifdən evləndirirlər, təhsil almaq imkanı vermirlər və hər bir insanın inkişafı üçün vacib olan əsas hüquq və azadlıqlarından məhrum edirdilər.

Şəlalənin problemi ictimailəşdirməsi etnik azərbaycanlı sakinlərin bir çoxunun hiddətinə səbəb olmuşdu.

“Mənə qədər də bu mövzu ilə bağlı danışılsa da, bu problemin mənim tərəfimdən yüksəkdən səsləndirilməsi kimlərinsə hiddətinə səbəb oldu və mənə qarşı aqressiyalar oldu”, – Şəlalə Əmircanova deyir.

Sakinlər Şəlalə ilə açıq şəkildə münaqişəyə girirdilər. Sosial şəbəkədə tənqid edirdilər və icmanın eyiblərini ictimailəşdirməkdə ittiham edirdilər.

Şəlaləyə edilən hücumlardan artıq iki il ötüb, lakin vəziyyət hələ də dəyişməz olaraq qalır. Bu dəfə isə hücumların hədəfinə gənc coğrafiya müəllimi Həmid Sadıqov tuş gəlib. Həmid də qızların erkən yaşda evliliyinə və evlənmə məqsədilə qızların zorla qaçırılmasına etiraz etmişdi.

Qardabanili coğrafiya müəllimi qızın qaçırılmasına etiraz etdiyinə görə, ictimai qınağa məruz qalmışdı. Coğrafiya müəllimi qızın qaçırılmasına etiraz edərək qızın atasına övladının təhsilini davam etdirməli olduğunu xatırlatdığı zaman kənd sakinləri onu ictimai şəkildə tənqid etdilər və hətta təhqirə də yol verdilər.

Əmircanova deyir ki, o, və Həmid fərqli baxışlarına görə öz icması tərəfindən ayrı-seçkiliyə məruz qalıblar. Onlar illər ərzində tabu olan vəziyyətlə bağlı açıq danışdıqları üçün cmiyyət tərəfindən kənarlaşdırılıblar.

“Əgər kimsə buna etiraz edirsə və bunun düzgün olmadığını deyirsə, bu kimlərisə hiddətləndirir. Çünki bu həmin xalq, konkret ictimaiyyət tərəfindən düşünülmüş qaydalardır, çünki bəzi şeyləri yazılmamış qanunlarla tənzimləmək istəyirlər”, – Şəlalə deyir.

Şəlalənin sözlərinə görə, problemlə bağlı yalnız etnik azlıqlar deyil, etnik çoxluq da danışmaq istəmir.

İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzinin hüquqşünası və araşdırmaçısı Mariam Qabrielaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, əksər hallarda diskriminasiyanı dövlət tərəfindən edilən zorakılıq kimi başa düşürlər, lakin real olaraq bu belə deyil.

“Həmidin məsələsində icma zorakılığa yol verdi, fərqli baxışlarına və fərqli düşüncəsinə görə ona qarşı fiziki və mənəvi zorakılıq törətdi. Məhz buna görə də, deyə bilərik ki, bu da diskriminasiya halıdır. Açıq şəkildə ləyaqətin alçaldılması hərəkətlərinə yol verilmişdi və bütün bunlar onun düşüncəsinə görə baş verdi”, – Qabrielaşvili deyir. Onun sözlərinə görə, Şəlalə Əmircanovanın məsələsinə də eyni pəncərədən baxa bilərik.

Marima Qabrielaşvili deyir ki, çox halda etnik azlıqlar dövlət tərəfindən diskriminasiyaya məruz qalırlar. Onların qapalı olmasından irəli gələrək isə ictimaiyyət fərqli düşüncəli insanları kənarlaşdırmağa çalışır.

“Belə hallar tez-tez olur, belə hallarla addımbaşı qarşılaşırıq. Diskriminasiya əleyhinə qanun bu baxımdan diskriminasiyanın nə olduğu və hansı hallarda diskriminasiya ilə hansı hallarda diskriminasiya qarşılaşdığımız barədə müzakirələrin başlanılması üçün ən yaxşı vasitədir”, – Mariam Qabrielaşvili deyir.

Kvemo Kartlidə diskriminasiya hallarını xalq müdafiəçisinin ofisi də araşdırır. Xalq müdafiəçisi aparatının bərabərlik departamentinin rəhbəri Ketevan Şubaşvili deyir ki, diskriminasiya halları ilə bağlı Marneulidən müraciətlərin sayı azdır.

“Bu xüsusiyyət yalnız bu tərəflər üçün səciyyəvi deyil. Digər qruplara da baxdıqda görərik ki, müxtəlif səbəblərdən müraciət etməyə çəkinirlər. Ümumiyyətlə, müəyyən halların ictimailəşməsini istəmirlər və s. Lakin əsas problem sakinlərin onları qoruyan mexanizm barədə hələ də məlumatlarının olmamasıdır”, – Ketevan Şubaşvili deyir.

Xalq müdafiəçisi aparatının bərabərlik departamentinin rəhbərinin “Marneuli” radiosu ilə söhbəti zamanı deyir ki, hələ ki, bir milli azlıq daxilində fərqli fikrinə görə eyni milli azlıq tərəfindən diskriminasiyaya məruz qalma halı barədə müraciət edən olmayıb.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər