Azərbaycan Müdafiə Nazirliyi Qarabağda bu gün baş verən döyüşlərlə
bağlı bəyanat yayıb.
«Rusiya Federasiyası sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni
silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın
müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan
Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib.
Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar
Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri
Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ
silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada
yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı
nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ
silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər
əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda
bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin
qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri
görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir
neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ
yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib.
Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib
və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat
vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli
bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz
erməni silahlı birləşmələrinin Rusiya Federasiyası
sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan
ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin
ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam
çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah
edilməsi mütləq şəkildə labüddür.
Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının
Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren
ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı
qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı
olacaq», - bəyanatda deyilir.
Mənbə: turan.az