Elnur Vəlizadənin qısametrajlı filmi Tbilisi meriyasının elan etdiyi müsabiqənin ilk onluğundadır (VİDEO)
“Era teatrı”nın aktyoru Elnur Vəlizadənin lentə aldığı “Su həyat mənbəyidir” adlı qısametrajlı filmi Tbilisi meriyasının elan etdiyi müsabiqədə iştirak edir. Artıq onun filmi ilk onluğa düşüb. Teatrın aktyoru və bədii rəhbər müavini olan Elnur Vəlizadə “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, müsabiqə haqqında teatrın bədii rəhbəri Anar Rafiqoğlundan məlumat alıb. O, bundan sonra qərara gəlib ki, müsabiqədə iştirak etsin.

“Teatr fəaliyyətlərimizlə yanaşı “Era film” olaraq kinematoqrafiya sahəsində də yeni işlər görürük. Bu da yaxın gələcəkdə baş tutacaq planlarımızdan biri idi. Qısametrajlı filmimiz isə məlum müsabiqə üçün uyğun idi və filmimizi müsabiqəyə göndərdik. Eyni zamanda gürcü cəmiyyətinə inteqrasiya əsas hədəflərimiz arasında yer alır. İlk onluğa düşmək bizi bu məqsədə bir addım da yaxınlaşdırdı”.

Vəlizadənin sözlərinə görə, o, əvvəllər də film müsabiqələrində iştirak edib və artıq onun bu sahədə təcrübəsi var.

“Mən ilk dəfə “Era teatrı”nın film müsabiqəsində iştirak etmişdim. O zamanlar teatrın üzvü deyildim. Müsabiqə qaliblərindən biri də mən oldum və bundan sonra Era ailəsinin bir parçasına çevrildim. Bu layihədə yaxın dostlarım başdan sona qədər yanımda oldular. Bu dəstək mənim üçün çox böyük məna ifadə edir. Fürsətdən istifadə edib dəstəkçilərim Anar Rafiqoğlu, Nicat Hüseynov, Elvin Xanbabayev, Seymur Mərdəliyev, Qurban Vəliyev və Ruslan İsmayılova təşəkkürlərimi bildirirəm. Gələcək planlarımızdan biri mütləq şəkildə beynəlxalq müsabiqələrdə, film festivallarında ölkəmizi təmsil etməkdir. Cəmi bir neçə gün ərzində izləyicilər möhtəşəm birlik və dəstək nümayiş etdirdilər. Müsabiqənin nəticələri martın 29-da bəlli olacaq və hazırda biz sıralamada ən öndəyik”.

Elan olunan müsabiqənin şərtlərinə görə, bir qalib münsiflər heyəti tərəfindən, digəri isə 29 mart saat 23:59-a qədər “Tbilisi İdman və Gənclər Mərkəzi”nin “Facebook” səhifəsində filmlərə/videolara gələn bəyənmə sayına görə seçiləcək.

“Su həyat mənbəyidir” adlı qısametrajlı filminin komanda heyəti:
  • İdeya müəllifi: Anar Rafiqoğlu;
  • Rejissor&aktyor: Elnur Vəlizadə;
  • Operator: Nicat Hüseynov, Seymur Mərdəliyev;
  • Fotoqraf: Qurban Vəliyev;
  • Stilist: Elvin Xanbabayev;
  • Köməkçi: Ruslan İsmayılov.
Qeyd edək ki, müsabiqə Tbilisi meriyasının nəzdində fəaliyyət göstərən “Tbilisi İdman və Gənclər Mərkəzi” tərəfindən elan edilmiş beynəlxalq çağırış olan “Yer saatı”na həsr olunub. Layihənin əsas məqsədi gənclərin qlobal ekoloji problemlər haqqında məlumatlılığının artırılması və bu istiqamətdə yaradıcı baxışlarının dəstəklənməsidir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google