Marneulili repçinin vətən haqqında ifa etdiyi ikidilli mahnı dinləyicilər tərəfindən bəyənilib
12:07 / 28.03.2024
“Mənim Gürcüstanım” – gürcü və Azərbaycan
dillərində ifa olunan mahnı sosial şəbəkədə populyarlaşıb.
Mahnı üzərində NATO kimi tanınan Afiq Novruzov və Sahil Dəniz
işləyiblər.
NATO “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, mahnını
yazmağa Gürcüstana olan sevgisi səbəb olub. Onlar şou-biznesə
inteqrasiya olmaq istəyirlər və buna görə mahnını iki dildə ifa
etməyə qərar veriblər – “İstəyirdik, gürcülərin də,
azərbaycanlıların da xoşuna gəlsin və ona görə bu mahnını
yazdıq”.
Mahnının bir parçası sosial şəbəkədə 27 mart tarixində yayımlanıb.
NATO bildirir ki, mahnının Gürcüstan yığmasının qələbəsi ilə
əlaqəsi yoxdur. Amma xoş təsadüf sayəsində onlar gürcü
dinləyicilərdən də müsbət münasibət əldə ediblər.
“Mən bu mahnını vətənim üçün yazmışam. Təsadüf olaraq
futbolda qələbə ilə eyni zamanda yazdıq. Mahnı Gürcüstanın nə qədər
gözəl ölkə, necə tolerant olması, Qafqazda ən ideal ölkə olması ilə
bağlıdır. Azərbaycan və gürcü dillərində mahnı bununla əlaqədardır.
Bu mahnı üzərində mən və Sahil işləyirik”, – Afiq
Novruzov bildirir.
İndiki mərhələdə mahnının tam versiyası hazırlanmayıb. Afiq
Novruzovun sözlərinə görə, tam versiya dinləyicilərə iki günə, 30
mart tarixində təqdim olunacaq. Müğənnilər həmçinin, klip çəkməyi
də planlaşdırırlar və güman edirlər ki, klip maksimum iki həftəyə
hazır olacaq.
Sosial şəbəkədə yayımlanmış mahnı parçasını buradan dinləyə
bilərsiniz.