Müəllimlik imkan kimi – Marneulili pedaqoqlar peşə əhəmiyyəti barədə
Kamran Əfəndiyev üzərinə məsuliyyət götürəndə, müəllimliyin əhəmiyyətini dərk edəndə və sonradan öyrətmək üçün öyrənəndə 25 yaşında idi. 2017-ci ildə Mollaoğlu kənd məktəbinə ikidilli köməkçi müəllim kimi gedib. Kamran deyir ki, müəllimlik böyük imkandır və bunu şagirdlərinin qarşısında 7 ildir sübut edir.

“Məktəb və uşaqlar mənə böyük güc verirlər. Nəyisə öyrənəndə və öyrədəndə xoşbəxt oluram. Düşünürəm ki, həyatımın əsası müəllimlikdir. Etnik azlıqların məskunlaşdığı regionlarda gənc müəllimlərə böyük ehtiyac var və mən də sıradan bir müəllim kimi icmaya, regiona, Gürcüstanıma xidmət göstərirəm. Biz məktəbdə yaxşı, dövlət düşüncəli, tənqidi düşüncəyə malik gənclik yetişdirməliyik. Bu ən böyük məsuliyyət və öhdəlikdir. Bundan sonra düşünürəm ki, gəncin universitetə qəbul olmaq bacarığı var, kimyaçı və ya fizik ola bilər, amma ilk növbədə yaxşı Gürcüstan vətəndaşı olmalıdır. Buna görə “Mən və Cəmiyyət” fənni mənim üçün mühümdür. Bu istiqamətdə fəaliyyətimi davam etdirməliyəm. Müəllim icmanın maarifləndiricisidir və bundan böyük məsuliyyət yoxdur, valideyn sənə inanır, övladının gələcəyini etibar edir. Bu bir yandan böyük məsuliyyət, digər tərəfdən isə böyük imkandır”, – Kamran Əfəndiyev bildirir.

Kamran indi Marneuli bələdiyyəsinin sərhədyanı kəndində, Xocorni ictimai məktəbində işləyir və riyaziyyat fənnini tədris edir. O, Milli Müəllim Mükafatında iştirak edir və beşliyin üzvüdür.

Gürcü dili müəllimi Maiko Kveniaşvili də müəllimliyi böyük məsuliyyət hesab edir. O, 11 il əvvəl Şida Kartlidən Kvemo Kartliyə gəlib və Xancığazlı kəndində etnik azlıqlara gürcü dilini tədris etməyə başlayıb.

“Müəllimlik böyük xoşbəxtikdir və eyni zamanda böyük msəuliyyətdir. Mənim üçün müəllim şagirdin yalnız təhsilinin deyil, həm də demokratik düşüncəli vətəndaş olaraq formalaşmasının qayğısına qalan şəxsdir. Bu peşəni niyə seçmişəm sualına mənim də digər çox adamlar kimi cavabım var, uşaqları sevirəm. Şagirdlərimi çox sevirəm. Onlar da məni sevirlər və bunlar hamısı onların gözlərində, hərəkətində oxunur. Məhz şagirdlərimin sevgisi mənə motivasiya verir ki, müəllim olum. Mənim fikrimcə əgər uşağı ürəkdən sevmirsənsə, həqiqi müəllim ola bilməzsən”, – Maiko Kveniaşvili bildirir.

5 oktyabr beynəlxalq müəllimlər günüdür və dünyanın 100-dən artıq ölkəsində bu günü qeyd edirlər.

Beynəlxalq müəllimlər gününün qeyd olunması 1994-cü ilin 5 oktyabrında təsis edilib. Onun beynəlxalq gün olması ideyası bir neçə pedaqoji təşkilata aiddir. Təsisçilərin bildirdiyinə görə, bu günün təyin edilməsinin məqsədi müəllimlərə dəstək olmaqdır.

Print Email
FaceBook Twitter Google