“Gələcəyə doğru uğurlu addım” – Bolnisi bələdiyyəsinin Kvemo
Bolnisi kəndində “Kvemo Kartli regionunda praktiki siyasət məktəbi”
layihəsi çərçivəsində həyata keçirilən layihə belə adlanır.
Layihənin müəllifi Dinar Əhmədovun sözlərinə görə, gənclərlə
Gürcüstandakı universitetlər, peşə məktəbləri və fakültələr
haqqında məlumat paylaşıblar. Əhmədov bildirir ki, kənddə yaşayan
gənclərlə təhsil müəssisələri haqqında görüşləri universitet
məzunları keçiriblər və öz təcrübələrini bölüşüblər.
“Əksəriyyət hansı ixtisasların, təhsil müəssisələrinin
olduğu haqqında məlumatı yoxdur. Hər görüşdə yeni məlumatlar əldə
edirlər. Hansı universiteti seçəcəkləri barədə kifayət qədər
məlumatları yoxdur. Görüşlər Kvemo Bolnisinin icma mərkəzində
keçirilirdi. 30-a yaxın gənc qoşulmuşdu, görüşləri çox
bəyənirdilər. Keçmiş tələbələri dəvət etmişdik və öz təcrübələri
haqqında danışdılar. Gənclər çox maraqla dinləyirdilər və çox sual
verirdilər. Bir neçə nəfər artıq hansı universiteti seçəcəyinə
qərar verib”, – layihələrdən birinin müəllifi Dinar
Əhmədov bildirdi.
Əhmədovun sözlərinə görə, layihə sona yaxınlaşır. Yekun tədbir
keçiriləcək və hansısa universiteti ziyarət edəcəklər.
Layihə çərçivəsində Kvemo Kartlinin üç bələdiyyəsindən – Dmanisi,
Bolnisi və Qardabanidən olan gənclərə layihə yazmaq, təşviqat
kampaniyası keçirmək və müxtəlif məsələlər haqqında təlimlər
keçirilib.
Praktiki siyasət məktəbi layihəsi bir il ərzində Kvemo Kartlinin üç
bələdiyyəsində Niderland səfirliyinin maliyyə dəstəyi, “Yeni
Düşüncə İnstitutu”, “Qafqaz Evi”-nin tərəfdaşlığı ilə həyata
keçirilir.