Aşıq Nargilə Mehdiyeva Marneulidə saz kurslarına başlayır.
O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneulidə
istedadlı gəncləri gördüyünə görə bu qərara gəlib.
“Mən o qədər keşməkeşli dönəmlərdən keçmişəm ki,
istedadlı gəncləri görüb yan keçə bilmirəm. Həmin gənclərə kömək
etmək mənim üçün istirahət deməkdir. Marneulidə açılacaq kurslar
ödənişli olacaq. İmkanlı ailələr üçün 50 lari, imkansız ailələr
üçün isə ödənişsiz olacaq. Aldığım məbləğ isə mənim nəqliyyat
xərclərimi qarşılayacaq. Mən bu işi qazanc üçün görmürəm.
Marneulidən sonra Qaraçöp mahalında da dərs deməyi düşünürəm. Orda
da saza-sözə həvəsi olan uşaqlarla tanış olmuşam. Çox sevindim ki,
şeir, məqalə, poema yazan istedadlı uşaqları var. Onları gördüm və
tanıdım. Onlara da dəstək olmaq məni çox sevindirəcək. Onları da
cəmiyyətə tanıtmaq və dəstək olmaq lazımdır. Bu da mənim öz şəxsi
istəyim, fikrim və arzumdur. Bu arzum da mənim sevincim ola bilər.
Mənim əsas məqsədim istedadlı gənclərin və uşaqların əlindən
tutmaqdır”.
Mehdiyevanın sözlərinə görə, saz kurslarına 10 il bundan qabaq
başlayıb və artıq 15 tələbəsi var.
“Mən saz kurslarına cəsarətimi toplayaraq başlamışam.
Artıq 10 ildir. Hal-hazırda 15 şəyirdim var. İstedadlı şəyird
yetişdirirəm. Onların hər biri ayrı-ayrılıqda mükəmməldirlər.
Sərbəst şəkildə ifa edə bilirlər. Tələbələrim arasında gürcü, alman
və ingilis saz ifaçıları da var. Mən Tbilisidə yaşadığım üçün
dərsləri indi orda keçirəm. Dərnəyim Axundov muzeyində olduğu üçün
rayonlardan gələn şəyirdlərim çətinliklə gəlib gedirlər. Rayon və
kəndlərdən də çoxlu istək olduğuna görə, bölgələrimizdə də kurslar
açmaq qərarına gəldim”.
Aşıq Nargilənin dediyinə görə, onun əsas məqsədi və istəyi gürcü
folklorunda olmaqdır. O, bunun üçün əlindən gələni etməyə
çalışır.
“Biz artıq Gürcüstan folklorunda varıq. Gürcüstan uşaq
və gənclər folklorunun üzvləriyik. Həm də festival
iştirakçılarıyıq. Demək olar ki, biz artıq "Meydan" saz qrupu ilə
tanınırıq. Ən böyük istəyim ondan ibarətdir ki, saza-sözə, aşıq
sənətinə marağı olan istedadlı gəncləri və uşaqları axtarım, kəşf
edim, tapım və hazırlayım. Böyük bir qrup şəkilində saz ifaçıları
və aşıqlar yetişdirim və yaradım. 10 nəfərlik bir qrupmu, yoxsa
20-25 nəfərdən ibarət böyük ansambl qrupumuz olsa, yaxşı olar?
Tbilisidən regionlara həftədə bir dəfə gedib gəlmək mənim üçün
çətin olmaz. Mən işimi sevən bir insanam. Düşünürəm, bu mənim üçün
çətin olmaz”.
Nargilə Mehdiyeva onu da bildirdi ki, artıq Gürcüstanda da sazımıza
və sözümüzə dəyər verirlər. Onun sözlərinə görə, bu da onları çox
sevindirir.
“Artıq dövlətimiz və Mədəniyyət Nazirliyimiz tərəfindən
də sazımıza və sözümüzə dəyər verirlər. Əgər aşıq Nargilə
"Avropa-Gürcüstan" adlı festivalda iştirak edibsə, bu bizim
cəmiyyət üçün çox böyük önəmli hadisədir. Bizlər buna nail olduq.
Və hər zaman da Nargilə olmayacaq. Bunu bacaran gələcək lazımdır.
Bizlər heç bunu düşünürükmü? Bizlər artıq varıq. Gələcək üçün
işləməliyik. Gələcəyə doğru cəsarətli və istedadlı cəmiyyət
yetişdirməyimiz lazımdır! Məqsədimiz kiminsə yoluna, işinə mane
olmaq deyil! Niyyətim öz gücüm sayəsində faydalı və dəyərli
işlərimin öhdəsindən gəlməkdir. Fevral ayının 15-dən sonra
Marneulidə dərslərimizə start veriləcək. İstəyi olanlar mənimlə
əlaqə saxlaya bilərlər".
Qeyd edək ki, Aşıq Nargilə Mehdiyeva 12 yaşından aşıq sənəti ilə
məşğul olmağa başlayıb. O, ilk dəfə 1995-ci ildə Azərbaycanın Tovuz
şəhərində keçirilən qadın aşıqları müsabiqəsində birinci yerə layiq
görülüb. Daha sonra Gürcüstanda keçirilən festivalda iştirak edib
və unikal ifaçı adına layiq görülərək, 1-ci yerə çıxıb. Mehdiyeva
bir çox yerli və xarici festivallarda uğurla iştirak edib.