Azərbaycanın Gürcüstandakı səfirliyi “Azərbaycan və Gürcüstanın
beynəlxalq nəqliyyat dəhlizlərində rolu” mövzusunda inşa yazı
müsabiqəsi elan edib.
Müsabiqə Gürcüstanın ali məktəblərinin tələbələri üçün nəzərdə
tutulub.
Bu barədə "Marneuli" radiosuna səfirlikdən məlumat verilib.
"Dünyada və regionda cərəyan edən proseslər fonunda
Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ
başlayıb. Azərbaycan və Gürcüstanın həyata keçirdiyi xarici siyasət
nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin edilməsini
və nəqliyyat layihələrinin icra olunmasını vacib məqamlar kimi qeyd
etmək mümkündür. Hər iki ölkə coğrafi mövqeyi, strateji tranzit
məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional
logistika, tranzit mərkəzi kimi seçilir. Tarixi İpək Yolunun bu
ərazidən keçməsi isə logistika sahəsində qədim ənənələrin
mövcudluğunun göstəricisidir. Qədim İpək Yolunun bərpası
istiqamətində mühüm həlqə olan Azərbaycan, eyni zamanda,
Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq
nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir.
Qeyd edilməlidir ki, Gürcüstanla Azərbaycan arasındakı strateji
tərəfdaşlıq səviyyəsində olan münasibətlər bu layihələrin birgə
icrası və uğurlu nəticələrin əldə olunmasına böyük zəmin
formalaşdırır. Eyni zamanda, nəqliyyat layihələri mövcud geosiyasi
reallıqlar çərçivəsində həm Azərbaycanın, həm də Gürcüstanın
tranzit imkanlarının və geostrateji əhəmiyyətinin daha da
artırılması üçün əlverişli imkan yaradır", –
məlumatda deyilir.
Müsabiqədə iştirak etmək istəyən tələbələr ixtisaslarına uyğun
olaraq, qeyd edilən mövzunun üç aspektindən (beynəlxalq hüquqi,
iqtisadi və geosiyasi) biri üzrə Azərbaycan və ya ingilis dilində
inşa hazırlayaraq martın 5-dək səfirliyə göndərməlidirlər.
İnşalar səfirlik tərəfindən “mövzunun əhatə olunması, analizetmə və
proqnozvermə” meyarları üzrə qiymətləndiriləcək və ilk üç yeri
tutan tələbələr müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
İnşanı göndərmək üçün link:
https://forms.gle/2kwyFunfobtAxLW5A
Müsabiqə ilə bağlı əlavə məlumat almaq istəyən şəxslərdən
səfirliyin aşağıda qeyd olunan telefon nömrəsi ilə əlaqə
saxlamaları xahiş olunur: 577 34 80 00