Tbilisi Azərbaycan Dram Teatrının binası təmirə yararsızdır (VİDEO/FOTO)
Tbilisidə fəaliyyət göstərən Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binası qəzalı vəziyyətdədir. İllərdir ki, həmin binanın bərpa olunması gündəmdə olsa da, bu günə kimi həmin binada heç bir əsaslı təmir işləri aparılmayıb. Qəzalı vəziyyətdə olan teatr son zamanlar tamaşaların səhnələşdirilməsi üçün də istifadə olunmur.

Binanın döşəmə-tavanı uçması, geyim otaqlarının pis olması, teatr üçün mühüm olan
avadanlıqların olmaması teatrın fəaliyyətinə maneə yaradır. Azərbaycan və gürcü xalqlarının ortaq mədəni abidəsi sayılan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram teatrının bərpa olunması ilə bağlı Gürcüstan Parlamentində çıxışlar olsa da, indiyə kimi bu məsələ ilə bağlı heç bir iş görülməyib. Binanın qəzalı vəziyyətdə olması müxtəlif mətbuatda da dəfələrlə işıqlandırılıb.

Teatrın qəzalı vəziyyəti və tez bir zamanda təmir olunması məsələsi Gürcüstan Parlamentinin deputatı Savalan Mirzəyev tərəfindən ötən il Parlamentin iclası zamanı səsləndirilmişdi. Amma o vaxtdan bu günə qədər heç bir iş görülməyib.

Bu il 8 fevral tarixində Gürcüstan Parlamentinin iclasında çıxışı zamanı Savalan Mirzəyev uzun illərdir acınacaqlı vəziyyətdə olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının məsələsinə bir daha toxunub. O, bildirib ki, teatr çox çətin şəraitdə fəaliyyət göstərir: “Bildiyiniz kimi teatrın yeni rəhbəri təyin olunub. Onların xahişi ilə bir gün truppa nümayəndələri ilə görüşsəniz yaxşı olar. Onlar bu xahişi sizə çatdırmağımı istədilər. Biz illərdir bu problem barədə danışsaq da, təəssüflər olsun ki, məsələ hələ də öz həllini tapmayıb”.

Deputat nazirdən teatrın kollektivi ilə görüşməyi və onların problemlərinin həllinə köməklik göstərməyi xahiş edib.

Savalan Mirzəyev bildirdi ki, onda olan məlumata görə əvvəllər teatr binası üçün alternativ yer təklif olunub. Ancaq buna razılıq verilməyib və köhnə binanın bərpa olunmasını istəyiblər.

“Bildiyiniz kimi, həmin teatr binasının ərazisində başqa sakinlər məskunlaşıb. Məndə olan məlumata görə, onlarla bir sıra danışıqlar aparılıbdır. Onların başqa yerə köçürülməsi, onlara təzminat ödənilməsi ilə bağlı ki, o bina tam şəkildə teatrın özünə, balansına qaytarılsın, bütün ərazi bərpa olunsun. Dövlətdə ümumiyyətlə o binanın bərpa olunması ilə bağlı qərar var və məndə olan məlumata görə, əvvəllər bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti ilə də danışıqlar olubdur. Amma indi ətraflı olaraq, tam olaraq işin məzmunu bilmirəm. Yəni indi nə yerdə olduğunu”
– Savalan Mirzəyev dedi.

Mirzəyev onu da əlavə etdi ki, o, nazirlə təkbətək görüşməyi və məsələnin nə yerdə olduğu və hansı səbəbə görə binanın təmir olunmadığı haqda müzakirə aparmağı planlaşdırır. Amma Mirzəyevin nazirlə nə zaman görüşəcəyi isə hələ məlum deyil.

Teatra yeni bədii rəhbər təyin olunan Turqay Vəliyevin sözlərinə görə, teatrın bərpa olunması ilə bağlı nazirlikdə də müzakirələr aparılır. Amma ona dəqiq məlum deyil ki, bu nə zaman baş verəcək. O, ümid edir ki, tez bir zamanda bina bərpa olunacaq və yeni tamaşaların səhnələşdirilməsini öz binalarında həyata keçirəcəklər.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən "Marneuli" radiosuna bildirdiklərinə görə, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dram Teatrının binasının qəzalı vəziyyətdə olması haqqında artıq onların məlumatı var.

Ekspertizanın nəticəsi də var və buna əsasən məlum olur ki, bina təmir oluna bilməz. Ona görə də yeni binanın tikilməsi üçün alternativ məkanın axtarılması və müvafiq müəssisələrlə danışıqlar davam edir.



FOTO: on.ge
FOTO: qronikaplus.ge


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər