Kvemo Kartlidə Dini Məsələlər üzrə Dövlət Agentliyinin ilk bölgə nümayəndəsi təyin olunub +LIVE
Bu gün 11 mart tarixində Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Rustavidə Dini Məsələlər üzrə Dövlət Agentliyinin ilk nümayəndəsini təyin edib. Vaşakmadzenin bildirdiyinə görə, bu qərar bölgədə sakinlərin fərqli dinlərə mənsub və çoxmillətli olmasına görə qəbul olunub.

“Kvemo Kartli dini baxımdan kifayət qədər rəngarəngdir və müvafiq olaraq bölgədə məsələlərin operativ həlli, dini təşkilatların öz arasında daha çox ünsiyyət, dini təşkilatlarla yerli hakimiyyətlər və hakimiyyət nümayəndələri arasında daha çox ünsiyyətə ehtiyac var idi, bütün bu məsələlərin həlli üçün köməkçi bənd olacaq”, – deyə Vaşakmadze bildirib.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin Kvemo Kartli bölgə nümayəndəsi vəzifəsinə Abay Paşayev təyin olunub. Agentliyin sədri təqdimat zamanı Paşayevi əsas peşəsi və fəaliyyəti təhsil istiqamətində olan kifayət qədər maraqlı keçmişə sahib şəxs kimi təqdim edib. O, Marneulidəki məktəblərdən birində gürcü dili müəllimi işləyib, məktəb direktorunun müavini olub, Kartli Məktəb Dairəsində mütəxəssis kimi işləyib.

Abay Paşayevin dediyinə görə, onun əsas funksiyası din və dövlət arasında əlaqələrin qurulması olacaq.

“Biz hər din və hakimiyyət arasında yaranmış hər bir münaqişənin həll olunması üçün hər əlimizdən gələni edəcəyik, biz bu istiqamətdə çalışacağıq. Həmçinin dini sahədə fəaliyyət göstərən qeyri hökumət təşkilatları ilə işləyəcəyik,” – Abay Paşayev bildirib.

Paşayevin bildirdiyinə görə, o, əsas məsələ və problemləri müəyyənləşdirmək və daha sonra bunların üzərində işləmək üçün Kvemo Kartlidə olan dini icmaların nümayəndələri ilə görüşlərə sabahdan başlayacaq.

Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı Dini Məsələlər üzrə Dövlət Agentliyinin bölgə nümayəndəsinin təyin olunmasını müsbət dəyərləndirir.

“Müxtəlif dini təşkilatların və sakinlərin nümayəndə ilə birbaşa ünsiyyət qurmaq imkanı olacaq. Bundan başqa ofis koordinasiya rolunu yerinə yetirəcək və dini təşkilatların daha da güclənməsinə və müxtəlif dini icmaların proseslərə qoşulmasına kömək edəcək,” – Zaur Darğallı dedi.

Kvemo Kartlidən başqa Acarıstan və Samtsxe-Cavaxetidə də Dini Məsələlər üzrə Dövlət Agentliyinin bölgə nümayəndələri təyin olunub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər