Bələdiyyə Məclisi 17 aydır ki, deputatlar barədə məlumat yayımlamayıb

Seçkilərdən 17 ay keçməsinə baxmayaraq Marneuli bələdiyyəsinin saytında Bələdiyyə Məclisinin bütün deputatları barədə məlumat hələ də yerləşdirilməyib.



Saytda Bələdiyyə Məclisinin yalnız 10 deputatı barədə məlumat yerləşdirilib ki, bunlardan da biri Bələdiyyə Məclisinin sədridir. Saytda onların əlaqə məlumatları, iş təcrübələri, təhsilləri ilə bağlı məlumatlar var. 5 nəfərin isə bu məlumatlardan əlavə fotoşəkilləri də sayta yerləşdirilib.

Bir il bundan əvvəl, 16 mart 2018-ci ildə “Marneuli” radiosu Marneuli bələdiyyəsinin rəsmi veb səhifəsinin qaydasında olmaması ilə bağlı material hazırlamışdı. Həmin vaxt saytda Bələdiyyə Məclisinin üzvlərindən heç biri barədə məlumat yox idi. Buna səbəb kimi isə saytda olan texniki çatışmazlıqları və Bələdiyyə Məclisinin PR üzrə mütəxəssisinin olmamasını göstərmişdilər.

Marneuli BƏlədiyyə Məclisinin PR üzrə mütəxəssis vəzifəsinə işçi qəbul edib. 28 may 2018-ci ildə Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridze “Marneuli” radiosuna verdiyi müsahibəsi zamanı bildirmişdi ki, onlar məlumat bazasını tam şəkildə hazırlayıblar və həftənin sonunadək saytda yerləşdiriləcək. O vaxtdan artıq 10 ay keçməsinə baxmayaraq saytda məlumat yerləşdirilməyib.

Marneuli Bələdiyyə Məclisinin PR üzrə mütəxəssisinin “Marneuli” radiosuna bildirdiyinə görə, bu vaxtadək məlumatların yüklənməsi texniki çatışmazlığa görə mümkün olmayıb. O, qeyd etdi ki, artıq məlumatların yüklənməsi planlaşdırılır, lakin nə vaxt yüklənəcəyi dəqiq müəyyənləşdirilməyib.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze bizimlə söhbəti zamanı qeyd etdi ki, bu mərhələdə sayta məlumatların yüklənməsi ilə bağlı heç bir çatışmazlıq yoxdur və Bələdiyyə Məclisi və meriya ilə bağlı ictimai məlumatların yerləşdirilməsi istənilən vaxt mümkündür.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər