"Gürcü Arzusu" plakatlara ziyan vurma ittihamlarını qeyri-ciddi kimi dəyərləndirir
Birləşmiş müxalifət “Güc Birlikdədir” və müstəqil namizəd Əli Bədirov “Gürcü Arzusu”nu seçki plakatlarına ziyan vurmaqda ittiham edirlər.

Müstəqil namizəd Əlli Bədirov ötən gün, 12 may tarixində “Facebook” vasitəsilə canlı yayımda “Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallının seçkiöncəsi plakatlarının onun plakatlarının üstündə yapışdırıldığını nümayiş etdirdi.

Əlli Bədirovun dediyinə görə, belə hallar Şaumyan kəndindən başqa yerlərdə də baş verib.

“Digər kəndlərdə üstünə yapışdırmırlar, sadəcə cırırlar və çıxarırlar, misal üçün, Aşağı Saral kəndində belə hal baş verib, Araflıda baş verib, Marneulidə də olub. Belə hallar tez-tez olur və artıq bunun Zaur Darğallının fəalları tərəfindən edildiyindən şübhələnirəm”, – Əli Bədirov deyir.

Bədirovun Facebookdakı canlı yayımından təxminən 5 saat sonra bu dəfə Tsereteli kəndində birləşmiş müxalifət “Güc birlikdədir”in fəalı Azad Kərimov eyni məzmunda canlı yayım etdi.

Videoda görünür ki, Azad Kərimov “Gürcü arzusu”nun namizədinin plakatlarından birini sökür və onun altından birləşmiş müxalifətin mer vəzifəsinə namizədi Aqil Mustafayevin seçki öncəsi plakatı çıxır.


Azad Kərimovun dediyinə görə, Tseretelidə qeydə alınmış bu hal yeganə deyil və seçkiöncəsi plakatlarına ziyan vurulması halları digər kəndlərdə də baş verir.

“Bu “Gürcü Arzusu”nun qərargah rəhbərlərinin günahıdır, çünki bizim fəallarımız plakatları götürəndə mən onlara deyirəm ki, digər namizədlərin plakatlarına üstünə vurmaq olmaz, onları cırmaq olmaz. “Gürcü arzusu”nun liderləri isə bunu etmirlər”, – Azad Kərimov dedi.

Qeyd olunan məsələ ilə bağlı “Gürcü Arzusu”ndan “Marneuli” radiosuna bildirdilər ki, ittihamları qeyri ciddi olduğuna görə onlarla bağlı şərh verməyəcəklər.

 

Print Email
FaceBook Twitter Google