“Ayıbdır” – Marneulidə məlumatlandırma kampaniyası

Bu gün, 15 iyul tarixində Marneulidə Parlament binası qarşısında davam edən “Ayıbdır” aksiyası çərçivəsində məlumatlandırma kampaniyası keçirildi.


Marneulili gənclər kampaniya çərçivəsində vətəndaşlara xüsusi bukletlər paylayırdılar və 20 iyun tarixində Gürcüstan Parlamenti qarşısında baş vermiş hadisələrlə bağlı məlumat verirdilər.

“20 iyun gecəsi nə baş verdiyini bütün Gürcüstan bilir, lakin dil baryeri olan milli azlıqların məlumatlandırılması daha mürəkkəbdir. Məhz buna görə də bu gün belə fəaliyyətə başladıq və bizim əsas məqsədimiz 20 iyun gecəsi nə baş verdiyi ilə bağlı bütün vətəndaşların məlumatlandırılmasıdır”, – Rəşan Ziyadəliyev deyir.

“Ayıbdır” çərçivəsində 20 iyun gecəsi yaralananlar və həbs olunanlar barədə məlumatların yer aldığı bukletlər bu gün Tbilisidə, Batumidə, Kutaisidə, Zuqdididə, Qoridə, Axaltsixedə və Telavidə də paylayırlar.

20 iyun gecəsi Rustaveli prospektindəki aksiyanın iştirakçıları Rusiya Dumasının deputatı Serqey Qavrilovun Gürcüstan Parlamenti sədrinin küürsüsündə əyləşməsinə və nümayəndələrə rus dilində müraciət etməsinə etiraz edirdilər. 20-21 iyun gecəsi Gürcüstan Daxili İşlər Nazirliyi aksiyanı güc tətbiq etməklə rezin güllələr, gözyaşardıcı qaz və su şırnağından istifadə edərək dağıtdı. Aksiyanın dağıdılması nəticəsində 3 nəfər gözünü itirdi, 240 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı, 38 jurnalist peşə xidmətlərini yerinə yetirərkən yaralandı və 305 nəfər aksiya iştirakçısı həbs olundu.

 

Print Email
FaceBook Twitter Google