Qaçağan İctimai Mərkəzində işə qəbulla bağlı ikinci dəfə elan olunmuş vakansiyanın vaxtı başa çatıb
Marneulinin Qaçağan kəndində tikintisi başa çatmaqda olan “İctimai Mərkəz”-də işləmək üçün yerli sakinlər hara müraciət etmək lazım olduğunu bilmirlər.

Ədliyyə Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, artıq ikinci dəfədir ki, HR.gov.ge saytında vakansiya elan edilib və hal-hazırda seçim mərhələsinə başlanılıb.

Sakinlərin sözlərinə görə, “İctimai Mərkəz”-in tikilməsi Qaçağan və eləcə də digər kəndlərdən Marneuliyə gəlib müxtəlif müəssisələrdə işləyən gənclər üçün əlverişlidir. Belə ki, onlar məsafə qət etmədən, əlavə xərcə düşmədən İctimai Mərkəzdə işləyə biləcəklər.

Mərkəzdə işləmək istəyən gənclər vakansiyanın elan olunmasından xəbərləri olmadıqlarına görə öz CV-lərini lazımi ünvana göndərə bilməyiblər.

“Mənə çox maraqlıdır, haradan məlumat almaq olar. Vakansiyalar hansı səhifədə yerləşdirilib. Təəssüf ki, bilmirəm, kaş xəbərimiz olardı və rahat işləyərdik”, – Qaçağan kənd sakini deyir.

Bəziləri isə təsadüfən hansısa tanışından vakansiya ilə bağlı məlumat eşidib və öz CV-sini göndərməyə nail olub.

“Məlumatım yox idi, mənə də rəfiqəm dedi, elə yazıb göndərdim. Açığı bilmirəm cavab nə vaxta çıxır, bu haqda heç bir məlumatım yoxdur”, –
Nuranə Musayeva deyir.

“Marneuli” radiosunun məlumatına görə, Ədliyyə Nazirliyi yerli özünüidarəetməyə məktub göndəribmiş və məktubda vakansiya haqqında məlumatın yayımlanması xahiş edilirmiş. Meriyanın İnzibati Xidmətindən radiomuza verilən məlumata görə, Ədliyyə Nazirliyinindən məlumatın yayımlanması ilə bağlı rəsmi məktub olmayıb. Onlar isə şifahi olaraq Qaçağan müvəkkilinə məsələ ilə bağlı məlumat veriblər.

Bu kimi məsələlərlə bağlı əhaliyə məlumat verməyin vacib olduğunu Marneuli meri Zaur Darğallı da təsdiq edir, ancaq deyir ki, nazirliyin xahişi ilə bağlı o, heç nə bilmirmiş və vəd verdi ki, məsələni aydınlaşdıracaq.

Print Email
FaceBook Twitter Google