Ömrünün 58 ilini təhsilə həsr edən müəllim - Mahal Eminov
Mahal Eminov Mustafa oğlu 27 dekabr, 1937-ci ildə Marneuli rayonunun 1-ci Kosalı kəndində kolxozcu ailəsində anadan olub.

O, 1944-cü ildə 1-ci Kosalı natamam orta məktəbinin 1-ci sinifinə gedib. M.Eminov məktəbi bitirdikdən sonra Azərbaycan respublikasının Qazax rayonunun Şıxlı ictimai məktəbində təhsilini davam etdirib. Orta təhsilini başa vurduqdan sonra o, bir il kəntdəki kolxozda çalışıb təcrübə qazandıqdan sonra, Tbilisidə, A.İ.Puşkin adına Pedaqoji İnstitunun tarix və azərbaycan dili ədabiyyatı fakultəsinə daxil olur.

Mahal Eminov təhsil aldığı zamanlar inistitutda nümunəvi tələbə kimi ictimai işlərdə də fəal çalışıb. Ali məktəbi əla qiymətlərlə bitirən Eminov 1961-1962-ci ildə, Kosalı natamam orta məktəbinə tarix müəllimi kimi göndərilib.

Mahal müəllim məktəbdə dərs deməklə kifayətlənmir. O, kəndin ictimai-mədəni işlərində fəal iştirak edir. Kolxoz fəhlələrinin qarşısında şagirdlərin iştirakı ilə bir neçə dram əsərlərini tamaşaya qoymuşdur. M.F.Axundovun “Hacı Qara” və S.vurğunun “Vaqif’’dramı bu gün də yaşlı nəslin nümayəndələrinin yaddaşındadır. O, 1965-ci ildə təhsildən vaxtı ilə yayınmış gəncləri təşkil etdiyi fəhlə gənclər məktəbinə cəlb etmişdir.

1981-ilin Aprel ayından 2007-ci ilin oktyabr ayınadək o, Kosalı ictimai məktəbinə direktor təyin olunur. Mahal Eminov bəlkə yeganə müəllimdir ki, Marneuli rayonundan Gürcüstan müəllimlər qurultayına iki dəfə nümayəndə seçilib. Onun zəhməti dövlət tərəfindən dəfələrə fəxri fərmanlarla, diplomlarla, hədiyyələrlə qiymətləndirilmişdir.

M.Eminov həm də gözəl ailə başcısı olub. İki oğul və iki qız övladı böyüdüb boya başa çatdırıb. Övladlarının 3-ü ali təhsil alıb, biri isə orta ixtisasa sahib olub. Eminov 2007-ci ilin oktyabrında direktor vəzifəsindən ayrıldıqdan sonra həmin məktəbdə ömrünün son günlərinə qədər şərəflə çalışmış və öz müəllim yoldaşlarına nümunə olmuşdur.

Kosalı kəndinin sayılıb, seçilən müəllimlərindən olan Mahal Eminov 2019-cu ilin 17 sentyabr tarixində dünyasını dəyişib. Onun həyatı və gördüyü işlər haqında çox şey yazmaq olar. Mahal Eminovun nurlu həyatı, şərəfli ömür yolu bir mayak kimi onu tanyanları gələcəyə səsləyir. O, əzizlərinin ,həmkəndlilərinin və həmkarlarının qəlbində daima yaşayacaq!



Müəllif: Semral İlqarov

Print Email
FaceBook Twitter Google