2021-ci ilin başlanğıcında Marneuli bələdiyyəsinin təmizlik xidməti
Marneulidə 204 yeni zibil konteyneri yerləşdirdi. Köhnə
konteynerləri isə kəndlərə payladılar.
“Təmiz Marneuli”-nin direktoru Leri Mumladze “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, 2021-ci ilin 1 yanvar tarixindən bu
günə, 5 mart tarixinə qədər Marneuli şəhərində 3 zibil konteyneri
yanıb.
“Üç yerdə zibil konteyneri yandırılıb. Biri “Liberty
Bank”-ın qarşısında baş verib. Bizim əməkdaşlar görüb və
söndürüblər. İkincisi isə Rustaveli küçəsində, bazar ərazisində,
daha biri də mərkəzi meydanda yanıb”, – Leri Mumladze
bildirdi.
“Təmiz Marneuli”-nin direktorunun sözlərinə görə, indiki mərhələdə
yanğının səbəbini müəyyən etmək mümkün deyil və müvafiq olaraq heç
bir halda vətəndaşlar cərimələnməyəcək.
Mumladzenin sözlərinə görə, vətəndaşlar əksər hallarda məişət
tullantıları üçün ayrılmış zibil konteynerinə tikinti materialları
atırlar. Sonra isə konteynerlər xarab olur. Eləcə də vətəndaşlar
çox zaman tullantıları zibil konteynerinə deyil, kənarına atırlar.
Buna görə bələdiyyənin təmizlik xidməti əməkdaşlarının işində
problemlər yaranır.
Qeyd edək ki, Marneuli bələdiyyəsi miqyasında təxminən 750 zibil
konteyneri yerləşdirilib. Sonuncu dəfə 300 ədəd zibil konteyneri
2020-ci ilin sonunda gətirilib. Məhz həmin 300 konteynerdən 204
Marneuli şəhərinə, qalanı isə kəndlərə qoyulub.