Marneuli şəhərində 15 yaşlı qızın nişanlandırıldığı iddia olunur
Marneuli şəhərində 15 yaşlı qızı nişanlayıblar.

Bu barədə gizli mənbədən "Marneuli" radiosuna məlumat veriblər və bildiriblər ki, yetkinlik yaşına çatmamış qızı 10 yaş özündən böyük oğlana məcburi şəkildə nişanlayıblar. Yeniyetmənin nişanlanması faktını yerli sakinlərdən də soruşduq. Qızın yaxınlarının bildirdiyinə görə, qızı atalığı zorla nişanlayıb. Bu atalığın yetkinlik yaşına çatmamış şəxsi evləndirməyə cəhd ilə bağlı baş vermiş artıq ikinci faktdır. Birinci dəfədə ona mane olublar, indi isə nişan gizli baş tutub ki, hadisəni qonşu və yaxınlardan gizləsinlər. Gizli mənbənin məlumatına görə, baxmayaraq ki, qız 15 yaşındadır, 9-cu sinifdə oxumalıdır, ancaq heç vaxt məktəbə getməyib.

"Qız maksimum 16 yaşında olar. Həmişə istəyənləri olub, ancaq evləndirməyiblər. İndi evləndirmək istədikləri oğlanın yaxşı adam olduğunu deyirlər. Atalığının qohumudur. Deyirlər ki, oğlan 23 yaşındadır. Amma eşitdiyimə görə, daha böyükdür. Atalığı deyir ki, qıza heç nə olmayacaq, yaxşı ailəyə verir. Qız istəmirdi, ancaq telefon hədiyyə ediblər, qızıl alıblar, sevinib və razılaşıb. Qızın anası da razıdır. Bu kişinin ailəsinə uşağı ilə birlikdə gəlib. Bildiyimizə görə, qızın heç bir sənədi yoxdur və heç vaxt məktəbə getməyib. Sentyabrda toy etmək istəyirlər. Əvvəl də evləndirmək istəyirdilər. Məsciddən yardım alırlar, bildiyimizə görə, oradan deyiblər ki, uşağı evləndirməsinlər. 18 yaşa qədər olmaz. Onu da deyiblər ki, əgər qızı evləndirsə, atalığını həbs edəcəklər. Onda qorxublar və üzüyü geri qaytarıblar",
– kimliyinin açıqlanmasını istəməyən mənbə bildirdi.

Faktla bağlı Xalq Müdafiəçisinin artıq məlumatı var. Daxili İşlər Nazirliyindən bildirdilər ki, müraciət edildikdən sonra istintaqa başlayacaqlar.


Print Email
FaceBook Twitter Google