Polisin mənim övladımı məndən çox sevdiyini sanmıram – etnik azərbaycanlı valideynlər erkən evliliklə bağlı
Gürcüstan Xalq Müdafiəçisi Apartının KvemoKartlidə erkən/uşaq yaşda evliliklə bağlı zərərli təcrübələrlə bağlı apardığı araşdırmasına əsasən, etnik azərbaycanlı icmada sorğuda iştirak edən valideynlər erkən yaşda evlilik təcrübəsini mənfi qiymətləndirmirlər və onu əcdadlarından qalmış adət kimi müzakirə edirlər.

Araşdırmaya əsasən, valideynlər hesab edirlər ki, ailə qurmaq hər yaşda ağır yükdür və insan nə qədər az yaşda bu sahəyə daxil olarsa, məsuliyyətini də o qədər tez dərk edər.

Fokus qrup iştirakçısı olan valideynlərin erkən evliliyin qanunvericiliklə cəzalandırılması barədə məlumatı var. Ancaq hesab edirlər ki, bu ittihamla əksər hallarda heç kim cəzalandırılmır.

“Polisin və dövlətin mənim övladımı məndən çox sevdiyini sanmıram. Mənim övladımın xoşbəxt olmasını məndən çox istəyə bilməzlər. Ona görə də heç kim mənə ailəmdə və övladlarımla necə hərəkət etməli olduğumu qadağan edə bilməz. Ehtiyacımız olanda kim gəlir və kim bizə kömək edir?”
– 48 yaşlı valideyn bildirir.

Araşdırmya görə, valideyn qadınlardan ibarət fokus qruplarda iştirak edən müsahiblər hesab edirlər ki, erkən yaşda evlilik təcrübəsinə əsasən qadın və qızlar qarşı çıxır. Ancaq erkən yaşda evliliklə bağlı məhz qadın müsahiblər radikal fikirlər səsləndirirdilər.

“Mən ölməliyəm ki, qızımı erkən yaşda evləndirə bilsinlər. Mən özüm uşaq-gəlin idim. 14 yaşımda evləndirdilər, həyatı, ailəni dərk etmirdik və məni qarşıda nə gözlədiyini də bilmirdim. İntim həyatıma erkən yaşda başalamağımdan yaranan sağlamlıq problemləri indi də məni narahat edir. Ona görə də yaşlarının az olmasına baxmayaraq, hər üç uşağımla da bu məsələlərlə bağlı fəal olaraq söhbət edirəm. Öz təcrübəmdən bilirəm ki, ana tərəfindən ciddi mövqe irəli sürmək nə dərəcədə mühümdür”,
– 33 yaşlı ana deyir.

Araşdırmaya görə, valideynlər hesab edirlər ki, erkən yaşda evliliklə bağlı qərarlar uşağın marağından yaranır.

“Əksər hallarda valideynlər təhlükəsizlik və övladlara qayğı məsələləri barədə də danışırlar. Valideynlərdən ibarət fokus qrupun iştirakçılarının müzakirəsinə əsasən, əksər hallarda kəndlərdə nəqliyyat və küçə işıqlarının olmaması insan təhlükəsizliyinin qorunması ilə bağlı dövlətin qeyri-müvafiq qayğısının nəticəsidir.
İştirakçılar bildirirlər ki, doğrudur, bu gün vəziyyət nisbətən dəyişib. Ancaq problemlər yenə qalır. Valideynlərdən biri qeyd edir ki, o, maddi vəziyyətindən irəli gələrək üç övladına təhsil verə bilmir. Müvafiq olaraq, bir övladını seçməlidir, qalanları isə işləməli, evlənməli, özlərini saxlamalıdırlar
”, – araşdırmada qeyd olunub.

Araşdırmanın nəticələrinə görə, erkən yaşda evliliyin ən mühüm, dərin səbəbi sosial-iqtisadi problemlər, perspektivsizlik hissi, patriarxatlıqdır. İnfrastruktur problemləri isə qızların təhsilə əlçatanlığına, eləcə də erkən yaşda evlənməsinə təsir göstərir.

“Fokus qruplar və görüşlər nəticəsində aydın olur ki, gənclər, eləcə də onların valideynləri erkən yaşda və ya uşaqların evləndirilməsinin əsas səbəbi olaraq perspektivsizlikdən, kasıblıq və patrairxatdan danışırlar.

Valideynlər bildirirlər ki, ictimai nəqliyyatın və küçə işıqlarının olmaması, eləcə də polis əməkdaşlarının laqeydliyi şəraitində onlar öz övladlarını heç yerə buraxmazdılar, çünki onlara təhlükə yaranmasını istəmirlər”.


Xalq Müdafiəçisi Aparatı dövlətə kənddə yaşayan etnik azlıq nümayəndəsi olan qızların təhsilinin maliyyələşdirilməsi üçün xüsusi qrant ayırılmasını tövsiyə edir. Xalq Müdafiəçisi eləcə də infrastruktur layihələrinin həyata keçirilməsi prosesində erkən yaşda evliliyin qarşısının alınması və qızlara təhsilin əlçatanlığına dəstəyinin müzakirə edilməsini də tövsiyə edib.

Araşdırma Gürcüstan Xalq Müdafiəçisi Aparatı tərəfindən, “Salam” platforması ilə əməkdaşlıqla BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin dəstəyi ilə BMT-nin “Gender bərabərliyi üçün” vahid proqramı çərçivəsində, İsveç hökumətinin maddi dəstəyi ilə həyata keçirilir.

Araşdırmanın məqsədi erkən yaşda evliliyə dəstək olan valideynlərin fikrinin və onların münasibətindəki dərin səbəblərin araşdırılmasıdır.

Print Email
FaceBook Twitter Google