“30 inək pis gəlir deyil” – Kvemo Kartli hüquq mühafizəçilərinin erkən evliliyə hansı münasibəti var
Gürcüstan Xalq Müdafiəçisinin erkən/uşaq yaşda evlilik təcrübəsi ilə bağlı araşdırmasına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Regional İdarəsinin nümayəndələri ilə aparılmış söhbət nəticəsində aydın olub ki, nazirliyin erkən yaşda evlilik məsələləri üzərində işləyən əməkdaşlarının əksəriyyəti etnik gürcü kişiləridir. Onların əksəriyyətinin məsələyə münasibəti isə əksər hallarda problemli və qeyri-həssasdır.

Araşdırmaya əsasən, Nazirliyin Kvemo Kartli Regional İdarəəsində işləyən polislər bildiriblər ki, erkən və uşaq yaşda evlilik barədə bildirişləri əsasən Xalq Müdafiəçisindən alırlar, əhali isə onlara müraciət etmir.

“Onların fikrinə görə, erkən yaşda və uşaq evliliyi təcrübəsi əsasən etnik azlıqlara məxsusdur və onların adətlərindən, mədəniyyətindən irəli gəlir. DİN nümayəndələrinin fikrincə, azlıqların icmasında polisə müraciət etmək qəbuledilməz normadır və ona görə də əhali polisə nadir hallarda müraciət edir. Görüşlər zamanı aydın olub ki, müsahiblərin əksəriyyəti etnik azlıqlar icmasını fərqli, ayrı-ayrı hallarda problemli adət-ənənələri olan kimi dərk edir. Həmin adətləri dəyişmək mümkün deyil və bu kimi hallara reaksiya göstərmək ehtiyacını az görürlər. Eyni zamanda, qeyd etmək lazımdır ki, müsahiblər erkən yaşda evliliyin səbəblərindən biri kimi müvafiq təhsilin olmamasını qeyd edirlər. Onlar hesab edirlər ki, bu istiqamətdə səyləri gücləndirmək lazımdır. Bu isə bizi DİN əməkdaşları tərəfindən erkən evlilik hallarına gecikmiş və ya mümkün qeyri-müvafiq reaksiyanın məhz onların baxışı, münasibəti ilə əlaqədar olduğunu düşünməyə vadar edir”.


Kvemo Kartlidə erkən/uşaq yaşda evliliyin zərərli təcrübəsi ilə bağlı araşdırmaya görə, polislərin fikrincə, erkən evlilik problemi yalnız polisin nəzarəti və cəzalandırması ilə həll olunmur və icmada məlumatlandırma kampaniyaları aparmaq lazımdır. Polislər eləcə də sosial işçilərin azlığından, dil baryeri və psixoloq yardımının mühümlüyündən də xüsusilə söhbət açıblar.

“Polis əməkdaşlarında Gürcüstanın azərbaycanlı əhalisinə qarşı ayrı-seçkilik münasibətləri müəyyən edildi. Görüş zamanı polis əməkdaşları bu ifadələri qeyd edirdilər: “Sosial ehtiyac erkən evlilik səbəbi deyil, səbəb odur ki, evlərində belə adət var. Bu adətdir”, “Qaracalarda hələ də 17-ci əsrdir”,
– araşdırmada qeyd olunub.

Araşdırmaya görə, polislər hesab edirlər ki, erkən evlilik məsələsinə valideynlərin münasibəti iqtisadi gəlir əldə etməyə görə yaranıb. Onlar bildirirlər ki, valideynlər yetkinlik yaşına çatmamış qızları maddi gəlir əldə etmək və ya ailə xərclərini azaltmaq məqsədi ilə evləndirirlər.

“Rustavi polisinin əməkdaşlarından biri erkən evlilik məsələsində valideynin rolu barədə danışan zaman belə bir halı xatırlayıb ki, ailə 30 inək qarşılığnda övladını “ərə verib”. Onun fikrincə, “30 inək pis gəlir deyil”. Dmanisi bələdiyyə polisi valideynin bu məsələdəki rolunu analoji olaraq müzakirə edib. Onlar belə hallar xatırlayırlar ki, qızın ailəsi şikayət edib, ancaq sonradan şikayəti geri götürüblər. Çünki “oğlanın ailəsi çox pul ödəyib və layiq olduğundan da artıq hədiyyələr aparıb, bunun əvəzində faktiki olaraq övladlarını satırlar”, – araşdırmada qeyd olunub.

Araşdırmaya görə, Kvemo Kartlidə erkən/uşaq yaşda evlilik üzərində işləyən polislərlə aparılmış söhbət nəticəsində polislər tərəfindən etnik qrupların iyerarxiyalara bölünməsi təcrübəsi də qeydə alınıb. Bu halda polislər bir rayonda yaşayan etnik azlıqları digər rayonda yaşayan etnik azlıqlardan daha yaxşı olaraq xatırlayıblar.

“Polislərdən birinin fikrinə görə, “Marneulidə daha çox “inkişaf etmiş” əhali yaşayır. Çünki təhsilə daha çox diqqət yetirirlər. Dmanisi daha uzaqdır və təhsilə az diqqət yetirilir”, – araşdırmada qeyd olunub.

Araşdırma Gürcüstan Xalq Müdafiəçisi Aparatı tərəfindən, Salam platforması ilə əməkdaşlıqla, BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin dəstəyi ilə, BMT-nin “Gender bərabərliyi üçün” birgə layihəsi çərçivəsində İsveçrə hökumətinin maddi dəstəyi ilə həyata keçirilir.

Araşdırmanın məqsədi erkən yaşda evliliyə dəstək olan valideynlərin fikirlərində, münasibətlərində mövcud olan dərin səbəblərin araşdırılmasıdır.
Print Email
FaceBook Twitter Google