Fiziki İmkanları Məhdud Şəxslər Şurasının yeni sədri ilk görüşü köhnə məsələlərin müzakirəsinə həsr edib
27 iyun tarixində, Marneuli Fiziki İmkanları Məhdud Şəxslər Şurasının yeni sədri şura üzvləri ilə ilk görüşünü keçirib.

Temur Şubitidze Marneuli merinin müavini, eyni zamanda Fiziki İmkanları Məhdud Şəxslər Şurasının sədridir. “Marneuli” radiosunun iclasa getmiş jurnalistinə görüşün mətbuat üçün qapalı olduğunu bildiriblər. Səbəb olaraq isə ilk işgüzar görüşün keçirilməsini və şəxsi məlumatların açıqlanmasından çəkindiklərini qeyd ediblər. Temur Şubitidze bildirdi ki, şura üzvləri ilə ümumilikdə yeddi məsələni müzakirə ediblər.

“Fiziki imkanları məhdud şəxslər yeddi müxtəlif məsələ ilə bağlı müraciət etmişdilər. Bir neçəsi ilə bağlı müsbət qərar verildi. Bir neçə məsələnin isə əlavə araşdırmaya ehtiyacı var, onlarla bağlı gələcəkdə qərar verəcəyik. İndi daha çox arabalar və eşitmə aparatları ilə bağlı müraciətlər var idi. Burada konkret adamların ərizələri var. Bəzisinin eşitmə aparatının batareyası dəyişdirilməlidir, bəzisi sıradan çıxıb, təmir edilməlidir. Müxtəlif problemlər var. Ərizədə vətəndaşın adı və soyadı, şəxsi məlumatı qeyd olunub. Onların şəxsi məlumatları yazılıb. Mən həmin vətəndaşların tələbini ictimailəşdirə bilmərəm. Çalışacağıq, növbəti iclasları elə keçirək ki, vətəndaşların hüquqları pozulmasın”.

Fiziki İmkanları Məhdud Şəxslər Şurasının üzvlərindən biri də Marneulili Surik Çiçyandır. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, görüşdə hələ ötən ildən həll edilməmiş məsələlər müzakirə olunub.

“Ümid edirəm ki, ötən ilin yeni il ərəfəsində əhaliyə vəd verdiyimiz məsələlər mütləq həyata keçiriləcək.
Buna ümid edirəm və mütləq yaxın gələcəkdə yerinə yetiriləcək. Məsələ aparatlarla, bələdiyyə nəqliyyatında pulsuz gediş haqqı ilə bağlı idi. Qərar verdik ki, indiki mərhələdə bizdə olan sənədlərlə hərəkət edək və sonra artıq xüsusi sənədlər çap olunacaq, bələdiyyə nəqliyyatından istifadə edən bütün fiziki imkanları məhdud şəxslərə veriləcək”.


Qeyd edək ki, təxminən beş aydır, şura toplaşmayıb və onlar üçün mühüm olan məsələlər müzakirə edilməyib. Ancaq onların problemləri, ən az üç ayda bir dəfə müzakirə edilməli idi.

2022-ci ildən fiziki imkanları məhdud şəxslər üçün on ədəd səsli təzyiq aparatının alınması, bələdiyyə nəqliyyatı ilə pulsuz gediş haqqı, yardımların 30 lari artırılması planlaşdırılmışdı.

İndiki mərhələdə isə yalnız bir tələb, yardımların 30 lari artırılması həyata keçirilir. Fiziki imkanları ciddi dərəcədə məhdud olan şəxslər 130 lari, fiziki imkanları əhəmiyyətli dərəcədə məhdud olan şəxslər isə 100 lari yardım alırlar.

Fiziki İmkanları Məhdud Şəxslər Şurası ümumilikdə 9 üzvdən ibarətdir. Şura Marneuli meriyasının və Bələdiyyə Məclisinin nümayəndələri, fiziki imkanları məhdud şəxslər, fiziki imkanları məhdud uşaqların valideynləri və QHT nümayəndələrindən təşkil olunub.

Print Email
FaceBook Twitter Google