Marneulidə eyvanın uçmasından sonra meriyaya binalara baxış keçirilməsi ilə bağlı müraciətlərin sayı artıb
26 iyun tarixində Marneulidə baş vermiş bədbəxt hadisədən sonra meriyaya müraciətlərin sayı artıb.

Vətəndaşlar yaşayış binalarının yoxlanılmasını tələb edirlər. Marneuli merinin müavini Roin Dekanoidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, şəhərdəki binalardan birində eyvanlar uçduqdan və hadisə nəticəsində iki nəfərin həyatını itirməsindən sonra vətəndaşlar özünüidarəyə binaların yoxlanması ilə bağlı müraciət edirlər. Dekanoidzenin sözlərinə görə, məsələyə hərtərəfli yanaşacaqlar və işə ixtisaslı ekspertlər, yaxud qrupları qoşacaqlar. Bələdiyyənin qeyd olunan araşdırmaya nə qədər pul ayıracağı hələ məlum deyil.

“Nəzarət və İnfrastruktur Xidməti əməkdaşları və eləcə də mən qoşulmuşam. Əlbəttə, bina yoxlanacaq. Ekspertizalar keçirilməlidir. Artıq binalardan müraciətlər də var. Dünən də iki ərizə verilib, bu gün səhər də ərizə qəbul etdik. Yeni baş vermiş hadisə ilə bağlı yəqin ki, çox sayda bina sakinlərinin müraciət etməsi məntiqlidir. Bunun üçün nə qədər pul ayrıldığını dəqiq bilmirik. Ekspertizanın tez aparılması üçün başqa pul ödənilir və bunların hamısının öz müddəti var. Komissiyanın (meriyada yaradılmış komissiya) baxışı birmənalı şəkildə belədir ki, ekspertlər bu yoxlamaları ixtisaslı şəkildə aparsınlar. Samxarauli və ya hər hansı ekspertiza bürosu ixtisaslı yoxlama aparsın. Sonra ehtiyac yaranarsa, binada bərkitmə işləri aparılacaq. Müraciətlərlə bağlı bu gün dedim ki, gedib baxsınlar. Ancaq bu sadəcə ərizə verənlərlə söhbət olacaq, bina vizual baxışdan keçiriləcək və sonra bu materiallar ekspertizaya göndəriləcək, ekspertizaya müraciət olunacaq”,
– Roin Dekanoidze bildirdi.

Hazırda bələdiyyədə yoxlamadan keçirilməli olan binalar haqqında statistika yoxdur. Yeganə deyə biləcəyimiz odur ki, bələdiyyə miqyasında girişlərin təmir olunacağı, sensor işıqlandırmanın quraşdırılması planlaşdırılan ümumilikdə, 48 yaşayış binası var.

26 iyunda, Marneuli şəhərində yaşayış binasında iki eyvanın uçması nəticəsində iki nəfər dünyasını dəyişib, üç nəfər isə xəsarət alıb.




Print Email
FaceBook Twitter Google