Marneuli meriyası 829 plastik zibil qabı almaq üçün 500 000 lari dəyərində tender elan edib
Marneuli yerli özünüidarəsi plastik zibil qabları almaq üçün 500 000 lari dəyərində tender elan edib.

Tender təklifinə görə, plastik zibil qabları 1 100 litr həcmində olacaq. Maksimum yük isə 440 kiloqram olmalıdır. Meriya 500 000 lariyə ən az 829 ədəd zibil qabı almağı planlaşdırır.

Marneuli Bələdiyyə Məclisi yarım milyon lariyə zibil qablarının alınması ilə bağlı qərarı Bələdiyyə Məclisinin 29 iyunda keçirilmiş iclasında qəbul edib. Büdcədə edilmiş dəyişikliklər barədə meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov danışıb. O, bildirib ki, əvvəlcə zibil qablarını almaq üçün 300 000 lari ayrılmışdı, qənaət nəticəsində artıq qalmış vəsaitdən buna 200 000 lari əlavə olunub.

“Təmiz Marneuli” MMC-nin rəhbəri Leri Mumladze 30 iyun tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, plastik qabları müxtəlif yerlərə yerləşdirəcəklər.

“Köhnə qabları götürdüyümüz yerlərə yeni qablar qoyulacaq. Çoxu sıradan çıxıb və zibil daşıyan maşın götürə bilmir. Buna görə də ehtiyac olan yerlərdə dəyişəcəyik”, – Leri Mumladze bildirdi.

Marneuli meriyası zibil qabları almaq üçün tenderi 26 iyul tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 24 avqustdan 29 avqusta qədər öz təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələcək şirkət müqavilə bağladıqdan 60 gün ərzində zibil qablarını meriyaya təqdim etməlidir.

Print Email
FaceBook Twitter Google