Marneuli məktəblərində uşaqlar nə yeyirlər
Qazlı içkilər, çipslər, saqqız, birdəfəlik suplar, enerji içkiləri – bu Hənifə Quliyevanın Marneuli bələdiyyəsinin Daştəpə kənd ictimai məktəbinin girişində, kustar qaydada qurulmuş kiçik piştaxtada 18 ildir, satdığı məhsulların natamam siyahısıdır. Məktəbdə olduqları müddətdə bu şagirdlərin yeganə qidalanmaq vasitəsidir və buna gündəlik 2 və ya 3 lari xərcləyirlər.

“Mən yağışda da burada dayanıb satıram. Bu qışda bayırda necə dayanmaq olar. 2 saatdan sonra yığışıb gedəcəyəm. Yeldə, qarda – 18 ildir ki, burada dayanıb satıram. Marneulinin mağazalarından alıram, gətirib burada satıram. Gəlsinlər və hər birinin istifadə müddətinə baxsınlar. 10 tetridən artıq da əlavə etmirəm”, – Hənifə Quliyeva deyir.


Marneuli bələdiyyəsi miqyasında 74 ictimai məktəb fəaliyyət göstərir. Təhsil müəssisələrinə pandemiyadan sonra bu il ilk dəfə bufetləri açmaq hüququ verilib. Qida obyekti yalnız Marneulinin bir neçə ictimai məktəbində açılıb. Təhsil müəssisələrinin əksəriyyəti isə bufetin fəaliyyətə başlamasının gözləntisindədir. Daxilində bufeti olmayan məktəblərdə şagirdlərin yeganə yolu məktəbə yaxın yerləşən mağazalar və ya kustar qaydada düzəldilmiş piştaxtalardır. Burada isə yalnız quru yeməklərin satılması mümkündür. Kənd məktəblərindən birinin müəllimi gizliliyi qorumaq şərti ilə müsahibə verdi və bildirdi ki, onların bufetində çipslər, qazlı içkilər və bu kimi qidalardan başqa heç nə satılmır. Məktəbdə heç nəzarət mexanizmi də yoxdur.

“Bir neçə həftə əvvəl 4 şagirdin qarnı ağrıyırdı. 5-ci sinif şagirdləri idilər və hamısının eyni şəkildə ürəkbulanması var idi. Aydın oldu ki, eyni çipsdən yeyiblər və xəstə idilər. Fakt budur ki, uşaqlar zəhərlənmişdilər. Bunu nə məktəb rəhbərliyi, nə də bufet etiraf etməyəcək. Ancaq uşaqlar deyirdilər ki, bunlar hamısı çipsi yedikdən sonra baş verib. Düşünürəm ki, məktəblərdə birdəfəlik suplar və çipslər kimi heç nə satılmamalıdır. Bilmirəm, çipsə necə normaldır deyə bilərəm, amma bax “Lays” və “Doriotos” kimisi gətirilmiş, həmişə başqa cür şeylərdir, tərkibini bilmədiklərimizdir. Bəzən mən də elə acıram ki, həqiqətən gedib çips alıram ki, yeddinci dərsə qədər dayana bilim”, – pedaqoq deyir.

Müəllim kimi Marneulinin müxtəlif məktəb şagirdləri də deyirlər ki, gün ərzində əksər hallarda qazlı içkilər, çipslər və birdəfəlik suplar yeyirlər.

“Mən həmişə çips və kola alıram. Başqa seçimim də yoxdur. Tənəffüsdə yaxınlıqda yerləşən mağazalara gedirik”, – 12-ci sinifdə oxuyan qız deyir.

“Mən evdən gətirməyi çatdırmıram, valideynlərim pul verirlər və gündə 3-4 lari lazım olur. Hansı seçimim var, onu da alıram, çipslər, koka-kola, bulkalar. Ötən illərdə bufet işləyəndə bayırdan aldığımızla məktəbdə aldğımız arasında elə də böyük fərq yox idi. Oradan da çips alırdım, burada da çips alıram. Yalnız sosisli bulka yoxdur. Bufetdə heç olmasa onu alırdım”, – Marneuli şəhərində yaşayan 12-ci sinif şagirdi olan qız deyir.

“Bizim məktəbdə bufet yoxdur və məktəbə yaxın yerdən gah hotdoq, gah da qazlı içkilər və ya jelibonlar alıram”, – məktəblərdən birinin 12-ci sinif şagirdi olan oğlan deyir.

Məktəblərdə uşaqların qeyri-sağlam qidalanmasından valideynlər də narahat olurlar. Onlar bildirirlər ki, əksəriyyəti uşaqlara evdən yemək qoya bilmir. Pul isə quru yeməklərə xərclənir. Valideynlər hesab edirlər ki, dövlət təhsil müəssisələrində qida məsələsinə daha çox diqqət ayırmalıdır.

“Təəssüf ki, pandemiyaya qədər də bufetlərdə qeyri-sağlam qidalar var idi. Birdəfəlik suplar görmüşəm və ümumiyyətlə, fast-fudlar uşaqlara pis təsir göstərir. Yaxşı olardı ki, dövlət bunların hamısını necə isə tənzimləsin və məktəblərdə sağlam qidalanma qaydası tətbiq olunsun. Valideyn kimi bizim üçün məhz məktəblərdə qidalanma mühüm mövzulardan biridir. Problemlərdən biri budur ki, hamı evdən yemək gətirə bilmir və mağazalardan alırlar. Yaxşı olar ki, məktəbdə bufet olsun və bu proses tənzimlənsin”, – Marneulili valideyn Nilufər Qurbanova bildirir.

Məktəblərdə bufetlərə görə məsuliyyət daşıyan mühüm qurumlardan biri yerli Təhsil Resurs Mərkəzidir. Marneuli Təhsil Resurs Mərkəzindən bildirirlər ki, məktəbdən kənar ərazidə satılan məhsullara görə, onlar məsuliyyət daşımırlar. Təhsil müəssisələrindəki qida obyektlərini isə açıldıqdan sonra yoxlayacaqlar.

“İndiki mərhələdə bufetlər açılmaq üçün rəsmi prosedurlardan keçirilir. Marneuli Təhsil Resurs Mərkəzi tərəfindən yaxın gələcəkdə bufetlərdə monitorinq həyata keçirilməsi planlaşdırılır. Yoxlama zamanı sanitar-gigiyena normalarının qorunmasına diqqət yetirilir. Qida məhsulları Milli Qida Agentliyinin tələblərinə cavab verməlidir. Konkret olaraq, spirtli, qazlı içkilər, kremli şirniyyatlar və digər tez xarab olan məhsullar olmaz”, – Marneuli Təhsil Resurs Mərkəzindən bildirirlər.

2019-cu ildən sonra təhsil müəssisələrinin bufetlərində heç bir yoxlama aparılmayıb. Milli Qida Agentliyi buna səbəb olaraq koronavirus dövründə tətbiq edilmiş məhdudiyyətləri qeyd edir. Milli Qida Agentliyinin Kvemo Kartli İdarəsinin rəhbəri Miranqula Lipartelianinin sözlərinə görə, Marneulinin məktəblərində bufetləri açıldıqdan sonra yoxlayacaqlar.

“Məktəb bufetləri Milli Qida Agentliyinin prioritetidir və müvafiq olaraq, yoxlama aparırıq. Bunlar hamısı ərzağın qəbul edilməsi, hazırlanması və verilməsi prosedurlarına bütün mərhələlərdə nəzarəti əhatə edir. Pandemiya dövründə bufetlərin bağlanmasından irəli gələrək indi yalnız bir neçə məktəbə ərzaq ehtiyatı verilir, o da hazır məhsullarla. Yerində hazırlanmır. Bizim direktorlarla və Təhsil Resurs Mərkəzinin rəhbərləri ilə təmaslarımız var. Ona görə də məktəblərdə bufetlər işləməyə başladıqda mütləq yoxlanılacaq. Kənar ticarət faktları bizim səlahiyyətimizə daxil deyil, müvafiq olaraq, belə halları yoxlamırıq. Yeganə onu edə bilərik ki, əhaliyə saxlama və satış şərtləri qorunmayan yerlərdən ərzaq almamaları haqqında məlumat verək. Təəssüf ki, bundan artığını edə bilmirik”, – Miranqula Liparteliani bildirdi.


Gürcüstanın ictimai məktəblərində məktəbdə qidalanma konsepsiyasının hazırlanması UNİCEF-in iştirakı ilə planlaşdırılır. BMT-nin Uşaq Fondunun Kommunikasiya proqramının rəhbəri Maia Kurtsikidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Gürcüstan Elm və Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu məktəblərdə şagirdlərin qidalanması proqramını tətbiq edilməsi üzərində birlikdə işləyirlər.

“Fövqəladə vəziyyət üçün yaradılmış Qurumlararası İşçi Qrupu məktəbdə qidalanma proqramlarının dünya təcrübəsini analiz edəcək, vəziyyəti analiz edəcək və mövcud vəziyyəti lokal infrastruktur, logistika ehtiyacların müəyyən edilməsi məqsədi ilə qiymətləndirəcək. Tərəflər eləcə də məktəbə qidalanmanın mümkün modellərini və keyfiyyət standartlarını, qanunvericilik/tənzimləyici bazalar, sağlam qidalanma kurikulumunu hazırlayacaqlar. Bundan əlavə, sənəd məktəbdə qidalanma proqramı haqqında məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə genişmiqyaslı kampaniyanın keçirilməsini nəzərdə tutur”, – UNİCEF tərəfindən yayımlanmış məlumatda oxuyuruq.

Şəkil: UNICEF Georgia

Təhsil Nazirliyindən bildirirlər ki, məktəblərdə qidalanmanın təmin edilməsi üçün işlərə başlanılıb. Ancaq məktəblərdə bufetlərin nə zaman işə başlayacağını və şagirdlərə sağlam qida rasionu təklif edə biləcəklərini konkret qeyd etmirlər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024