Muşevani (Dəllər) sakinləri "RMG"-yə lisenziya verilməsi ilə əlaqədar olaraq aksiya keçiriblər (VIDEO)
Bu gün, 11 noyabr tarixində Bolnisi bələdiyyəsinin Muşevani (Dəllər) kəndinin sakinləri “RMG” şirkətinə faydalı qazıntıların açıq yolla çıxarılması üçün lisenziya verilməsinə etiraz ediblər.

Kəndin mərkəzinə toplaşmış Muşevani sakinlərinin əsas tələbi şirkətin lisenziyasının dayandırılmasıdır. Yerli sakinlər “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, şirkət nümayəndələri əhalini aldadaraq imza toplayıblar. Reallıqda isə yerli sakinlər kəndin ətrafındakı dağların uçurulmasını istəmirlər.

 

Gürcüstan hökuməti “RMG”-yə faydalı qazıntıların açıq yolla çıxarılması üçün lisenziyanı 1 noyabr tarixində verib. “Salam” platformasının nümayəndəsi Rabil İsmayılov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hakimiyyətin qərarı prosesin demokratik dövlət prinsipinin pozulması ilə aparıldığını göstərir.

“Əhali bu gün bir daha çıxıb ki, bunların hamısına etiraz etsin və hakimiyyətə, dövlətə, bütün Gürcüstana öz səsini çatdırsın. Əhali 4 ay ərzində dəfələrlə, hüquqi yolla Parlamentə, Baş nazirə müraciət edib hüquqlarının müdafiəsini tələb edirdilər. Bu günə qədər onlardan normal cavab almamışıq və dəstək görməmişik, amma kənd öz hüquqlarını müdafiə etmək üçün sona qədər mübarizə aparmağa hazırdır”, – Rabil İsmayılov bildirdi.

Etiraz aksiyasında əhali dövlətdən rədd cavabı aldıqları halda nə edəcəklərini də müzakirə ediblər. Onlar bildirirlər ki, münaqişəli vəziyyət yaratmaq istəmirlər, amma şirkət nümayəndələrinə kəndə girmək, təbiəti məhv etmək hüququ verməyəcəklər.

“RMG GOLD”-un layihəsinə görə, il ərzində təqribən 55 partlayışın həyata keçirilməsi planlaşdırılır (Həftədə iki dəfə). Qazma qurğuları isə il ərzində 200 saat işləyəcək.

Print Email
Tags: Dəllər RMG
FaceBook Twitter Google