Marneulili idmançı Batumidə keçirilən Yunan-Roma güləşi üzrə Gürcüstan çempionatında bürünc medal qazanıb
23-25 dekabr tarixlərində Batumi şəhərində Yunan-Roma güləşi üzrə Gürcüstan çempionatı keçirilib. Çempionatda Marneulidə fəaliyyət göstərən “Olimp İdman Məktəbi”nin yetirmələri də iştirak ediblər. Məktəbin yetirməsi Rəşad Orucov çempionatda üçüncü yeri tutaraq, bürünc medalın sahibi olub. O, böyüklər arasında 55 kq çəki dərəcəsində mübarizə aparıb.

“Olimp İdman Məktəbi”nin baş məşqçisi Təbriz Bağmanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun tələbəsi bu idman növündə Marneuli üçün ilkə imza atıb.

“Marneulidə 3 ildir ki, Yunan-Roma güləşi üzrə fəaliyyətə başlamışıq. Nə xoş təəssüratdır ki, hər dəfə iştirak etdiyimiz yarışda qalibiyyət əldə edirik və uğur qazanırıq. Qazandığımız hər bir yarış, hər bir medal, bir tarixdir. Çünki, bizdən əvvəl heç kim, bu idman növü ilə Marneulini təmsil etməyib. Bu platformadan yeniyetmə və gənclərə səslənirəm ki, bu idman növünə dövlətin qayğı və diqqəti var. Öz gələcəklərini qurmaq şansları var. Buyurub gəlib, məşqlərimizdə iştirak edə bilərlər. Hər bir iş insanın özündən asılıdır. Əsas məşqlərə ciddi yanaşmaqdır və davamiyyətli olmaqdır. Belə ki, sonda nəticəni əldə edə bilsin. Rəşadın gənc olmasına baxmayaraq, boyüklərlə olan yarışda qalib gəldi və medal qazanmağı bacardı”, – Təbriz Bağmanov dedi.

Təbriz Bağmanovun sözlərinə görə, indi onların hədəfi 2023-cü ilin yanvar ayının 11-nə planlaşdırılan 23 yaşlılar arasında keçiriləcək Gürcüstan birinciliyidir. Onlar ümid edir ki, həmin yarışda 1-ci olub, Avropa və Dünya çempionatlarında iştirak edəcəklər.

İdmançı Rəşad Orucov “Marneuli radiosu ilə söhbəti zamanı bildirdi ki, Batumidə keçirilən yarışda mükafatçılar sırasına düşmək onun üçün çox sevindirici bir hal olub. O, qeyd etdi ki, böyüklər arasında medal qazanmaq hədindən artıq çətindir.

“Ola bilər ki, gənclər arasında, 23 yaşlılar, yeniyetmələr arasında çoxlu medallarımız olsun. Avropa və dünya mükafatçıları olsun. Amma böyüklər arasında respublika birinciliyi medalı qazanmaq çox böyük bir şeydir. Bunu güləşənlər bilirlər. Hazırlıq prosesim çox yaxşı keçmişdi. Bildiyiniz kimi, üç aya yaxındır ki, Almaniyada liqalarda güləşirəm. Orada 10 görüş keçirdim. Onun 9-da qələbə qazandım. Orada da hazırlıq məşqlərimi davam etdirirdim. Buradakı görüşlər mənim üçün pis keçmədi, yaxşı keçdi. İlk görüşümü 11:0 hesabı ilə vaxtından əvvəl başa vuraraq, qələbə qazandım. İkinci görüşümdə isə Qiorqi Toxadzeyə məğlub oldum. Bir az texniki səhvlər buraxdım. Güclü rəqibiydi. Onu məğlub edə bilərdim. Bəzi səhvlərə görə, məğlub oldum. Bundan sonra üçüncülük uğrunda yarışa çıxdım. Burada vaxtından əvvəl 25 saniyəyə qələbə qazandım və üçüncü yerə layiq görüldüm. Qarşıda məqsədlərim çoxdur. Milli yığmanın təlim məşq toplantısı olacaq, oraya qoşulacağam”, – Rəşad Orucov bildirdi.

Orucovun sözlərinə görə, 2023-cü ilin yanvar ayının 11-nə planlaşdırılan 23 yaşlılar arasında Gürcüstan birinciliyinə hazırlaşır. O, ümid edir ki, həmin yarışda iştirak edəcək.

Qeyd edək ki, əslən Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndindən olan Rəşad Orucov Yunan-Roma güləşi üzrə Gürcüstan milli yığma komandasının üzvüdür. O, iyun ayında Almaniyanın “SVG Nieder-Liebersbach” klubu ilə müqavilə imzalayıb, oktyabr ayından etibarən 3 ay ərzində Yunan-Roma güləşi üzrə Almaniya klubunu təmsil edib. Rəşad artıq Gürcüstana qayıdıb.

Rəşad Orucov bu ilin yanvar ayında Rustavi şəhərində keçirilən 23 yaşlılar arasında Yunan-Roma Güləşi üzrə Gürcüstan çempionatında üçüncü yerə çıxaraq, bürünc medal qazanmışdı. O, bununla da Gürcüstan yığma komandasının tərkibinə düşmüşdü. Rəşad Orucov bu günədək bir sıra yarışlarda iştirak edərək, yüksək nəticələr qazanıb.

Onu da əlavə edək ki, çempionatda Marneuli ilə yanaşı Qardabani, Rustavi, Tbilisi, Acarıstan, Ozurgeti və digər bölgədən olan pəhləvanlar 5 çəki dərəcəsində mübarizə aparıblar. Yarış Batumi şəhərinin Yeni İdman Sarayında keçirilib.

Print Email
FaceBook Twitter Google