Marneuli Bələdiyyə Məclisinin sədr müavinləri hansı əmlaka sahibdirlər
Marneuli Bələdiyyə Məclisi sədrinin üç müavini var. Tariyel Məmmədov, Rövşən İsgəndərov və Riçard Qiqani 2021-ci ilin dekabr ayında Bələdiyyə Məclisi sədrinin müavinləri vəzifəsinə təyin olunublar.

Tariyel Məmmədov sədrin birinci müavinidir. 2022-ci ilin 3 fevral tarixində yayımlanmış əmlak bəyannaməsinə görə, Məmmədovun adına üç torpaq sahəsi qeydiyyatdan keçirilib. Torpaq sahəsinin biri Marneuli şəhərində, Vaja-Pşavela küçəsində, bir kommersiya sahəsi Marneuli şəhəri Rustaveli küçəsində yerləşir. Bələdiyyə Məclisi sədrinin müavini Qızılahcılı kəndində 61 545 kv.m torpaq sahəsinə sahibdir. O, həmin sahəni 2017-ci ildə mübadilə nəticəsində alıb. O, Vaja-Pşavela küçəsində yerləşən 372 kv.m torpaq sahəsini 2016-cı ildə 3000 lariyə alıb. Rustaveli küçəsində yerləşən 88,70 kv.m kommersiya tipli sahəni isə 2017-ci ildə 7500 lariyə əldə edib. Məmmədov 2021-ci il ərzində Bələdiyyə Məclisindən əməkhaqqı olaraq 18 761 lari 16 tetri alıb.

Bələdiyyə Məclisi sədrinin daha bir müavini Riçard Qiqani nə daşınan, nə də daşınmaz əmlaka malik deyil. Onun həyat yoldaşı Nana Qiqani isə Tamarisi kəndində 10 000 kv.m torpaq sahəsinin sahibidir. O, 2021-ci ildə həmin sahəni hədiyyə olaraq alıb. Nana Qiqaninin adına Marneuli şəhəri Pirosmani küçəsində yerləşən 783 kv.m yaşayış evi qeydiyyatdan keçirilib. Həmin ev 2018-ci ildə 5000 dollara alınıb. 2022-ci ilin 22 mart tarixində yayımlanmış əmlak bəyannaməsinə görə, Riçard Qiqani 2021-ci ilin 28 aprelindən 2021-ci ilin 3 dekabrına qədər olan dövrdə, Marneuli Bələdiyyə Məclisindən əməkhaqqı olaraq 30 408 lari alıb. Riçard Qiqaninin əmlak bəyannaməsindən aydın olur ki, onun övladı Mamuka Qiqani müqavilə əsasında Marneuli Bələdiyyə Məclisində mütəxəssis vəzifəsinə işə götürülüb. 2021-ci ilin 21 aprel tarixindən həmin ilin 31 dekabr tarixində qədər olan dövrdə əməkhaqqı olaraq 10 120 lari alıb.

Marneuli Bələdiyyə Məclisinin müavinləri arasında, onların yayımladığı əmlak bəyannaməsinə görə, ən çox əmlaka Rövşən İsgəndərov sahibdir. Onun adına Sadaxlı kəndində üç torpaq sahəsi qeydiyyatdadır. Sadaxlı kəndində bir yaşayış evi, Tbilisi şəhərində isə iki mənzilə sahibdir. Həmçinin, İsgəndərovun adına 7 daşınan əmlak qeydiyyatdan keçirilib. Rövşən İsgəndərov Sadaxlı kəndində 4 131 kv.m və 4026 kv.m torpaq sahəsinə, 1260 kv.m yaşayış evinin 16,66%-lik hissəsinə sahibdir. 2016-cı ildə o, hədiyyə olaraq, həmin kənddə 10 000 kv.m torpaq sahəsi alıb. Əmlak bəyannaməsində hədiyyə edənin kimliyi qeyd olunmayıb. Rövşən İsgəndərov 2016-cı ildə Tbilisidə, Rahib Qabriel Salos prospektində yerləşən 58,56 kv.m mənzili 37 000 dollara, 2018-ci ildə Daşkənd küçəsində yerləşən 57,09 kv.m mənzili isə 49 000 dollara alıb.

İsgəndərovun adına qeydiyyatdan keçirilmiş texnikadan üçü kənd təsərrüfatı üçün motorlu texnika, dördü isə minik maşınıdır. 2009-cu ildə İsgəndərov iki kənd təsərrüfatı texnikasını 10 000 və 12 000 dollara alıb. O, daha bir kənd təsərrüfatı texnikasını 2018-ci ildə 10 000 dollara alıb. O, 2019-cu ildə 30 000 dollara BMW X6 XDRIVE, 2020-ci ildə 10 000 dollara “Vaz Lada 21214”, 2016-cı ildə 5000 dollara Ford Transitə, 2021-ci ildə isə 7000 dollara „Nissan Juke 2013“ alıb. İsgəndərovun əmlak bəyannaməsinə əsasən, 2021-ci ilin dekabr ayında o, əməkhaqqı olaraq Bələdiyyə Məclisindən 2569 lari alıb.


Print Email
FaceBook Twitter Google