Bu həm azlıqlar üçün, həm də ölkəmizin gələcəyi üçün qonşumuz olan Rusiyaya tərəf yönəldiyimizin açıq göstəricisi olacaq – Mirtağı Əsədov “Xarici təsir agentləri” barədə
“Bu qanun layihəsini qəbul etmək azadlığın boğulmasıdır. Bu azad media, sivil toplum, QHT sektoru, insan haqları və Dini təşkilatları əhatə edir”, – bu sözləri “Marneuli” radiosu ilə söhbəti zamanı Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Şeyx Mirtağı Əsədov Gürcü Arzusundan ayrılmış “Xalqın gücü” deputatlar qrupunun Gürcüstan Parlamentində “Xarici təsir agentləri” haqqında qanun layihəsini qeydiyyatdan keçirməsini şərh edərkən söylədi.

Qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu xarici təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət təşkilatları “Xarici təsir agenti” hesab olunacaq. Əsədov deyir ki, qanun layihəsinin qüvvəyə minəcəyi halda Gürcüstanda fəal şəkildə fəaliyyət göstərən təşkilatlar zərər görəcəklər. O, deyir ki, xaricdən maliyyələşən təşkilatların bağlanması ölkənin geriləməsinə və aktiv fəaliyyətinin ləngiməsinə, insanların inkişafına olduqca mənfi təsirlər göstərəcək.

“Bizim ölkənin maddi tərəfdən elə ciddi bir resursu yoxdur. Bütün QHT sektorundan tutmuş, media sahəsində və həmçinin digər Dini təşkilatlar olmaqla məzhəbindən asılı olmayaraq donorlarla maliyyələşdirildiyi üçün avtomatik olaraq donorlarla əlaqələrin kəsilməsi, donor təşkilatların da siyasətə əl vermədiyi üçün yavaş-yavaş ölkədən çıxarılmasıdır. Bu işdə uzun perspektivdə ölkə üçün insan haqları, demokratikləşmə yox, mürtəce və idarə olunması deməkdir. Bu həm azlıqlar üçün həm də ölkəmizin gələcəyi üçün qonşumuz olan Rusiyaya tərəf yönəlməyimizin açıq göstəricisi olacaq”.

Şeyxin sözlərinə görə, bu qərar qüvvəyə minəcəyi halda səsini çıxaran, sözünü deyən təşkilatların səsini “boğacaqlar”. Əsədov bildirir ki, onların dini təşkilatı xaricdən hər hansı maddi vəsait almadan illərdir fəaliyyət göstərir. Lakin onun narahatçılığı ümumi ölkə üçündür. O, bu mövzuda hər kəsin fikir bildirmək, səsini çıxarmaq haqqına sahib olduğunu deyir.

“Ali dəyərlər yox, hüquqi dəyərlər yox, yuxarı iradənin istəyi olacaq. Bizləri də onlara tabe edəcəklər və səsimizi də boğacaqlar. Təbii ki, biz dini təşkilat olaraq xarici ölkədən heç bir asılılığımız yoxdur, heç kimdən də bir qəpik pul almamışıq. Amma ümumi olaraq bu o demək deyil ki, biz başlaqalarının hüququnu müdafiə etməməliyik. Biz hər zaman bərabərliyin, azadlığın, insan haqlarının tərəfdarı olmuşuq. Bunu da müdafiə edə-edə siyasətə də bunu deyirik, ictimaiyyətə də, hər kəsə də. Bu ölkədə hamı üçün əlçatan olan bərabər formada bir sistem olmalıdır ki, konstitusiya hamıya bərabər olsun və hamı faydalana bilsin. Nəinki yazılı olaraq qalsın. Amma müəyyən qüvvələr hamını idarə edə bilmədiyi üçün bu yola əl ataraq hamını cəlb etmək istəyirlər. Bundan sonra da kim onların tələbini ödəmədisə, ya bağlasınlar, ya cinayət işi açsınlar, ya da səsini kəssinlər. Bu insan haqq və hüquqlarının boğulması deməkdir. Bu qanunun ölkəyə zərər-ziyanın verilməsi deməkdir. Heç də aydın gələcək görünmür. Ölkənin qaranlıq tərəfə çəkilməsi deməkdir. Çoxluq ki, ölkənin pulunu talan edir, özü üçün ölkə içində hökumət qurub və ona heç kim heç nə demir və şərait yaradırlar. Amma ortada olan azlıqların boğulmasından gedir söhbət. Burada anormallıq var. Bu təhlükəni geridə qoyublar, təhlükə olmayan ədalət, azadlıq, insan haqlarını idarə edən, çalışan qurumların boğulmasından söhbət gedir, niyə?! Nəyə görə?! Bu ölkəni qaranlığa aparan amillərdir. Biz bunun əleyhinəyik. Həmçinin Ombudsmanın yanında olan Tolerantlıq və Dinlər Şurasının bəyanatına da qoşulduq və bu qanunun əleyhinə fikrimizi bildirdik”, – Mirtağı Əsədov dedi.

“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli” radiosu... – bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun layihəsinin təhlükə yaratdığı qeyri-hökumət və media təşkilatlarının kiçik siyahısıdır.

Qeyd edək ki, Rusiya analoji qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv etməkdir.


Print Email
FaceBook Twitter Google