Bu gün Yel çərşənbəsi qeyd olunur.
Bu, Novruzun üçüncü - Yel çərşənbəsidir.
Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər
verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu
çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə",
"Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır.
Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi
qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına
yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin
şirin keçməsinin əsas göstəricisi hesab olunur.
Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər
yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var:
"Yel əsməyincə yarpaq tərpənməz", "Yelin zarafatı qovmaqla
başlanır", "Yelə verdiyin düşmənə qismət olar", "Yel apardığını
qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar", "Yel bağlayanı
el açar", "Yeldən aman diləməzlər", "Külək kimi hərdən bir yana
əsmə", "Küləkli havada dənizdə çimməzlər", "Kələknən gələn,
küləknən gedər"... İnanclara görə, "Yeli əsdirəni söymək olmazdı,
çünki onun arxasında Tanrı dayanır", "Yelə tüpürsən, öz üstünə
qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o - Yel havamızı
təmizləyir, yeniləyir, dəyişir". "Çərşənbə axşamları Tanrı ancaq
xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur".
Qeyd edək ki, martın 14-də axırıncı - Torpaq çərşənbəsi qeyd
olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf
edəcək.