Marneuli meriyası kitabxana üçün 1800 lariyə 30 kitab alıb
Marneuli yerli özünüidarəsi Marneuli İctimai Kitabxanasına vermək üçün 30 ədəd kitab alıb. Yerli özünüidarə "Kvemo Kartli epiqrafik korpus - Tetritskaro, Marneuli, Bolnisi" adlı 30 ədəd kitabı müəllif Tamaz Qoqoladzedən, sadələşdirilmiş qaydada 1800 lariyə alıb.

“Xatırladaq ki, mənim “Kvemo Kartli epiqrafik korpus - Tetritskaro, Marneuli, Bolnisi" adlı əsərim işıq üzü görüb. Əsərdə Tetritskaro, Marneuli, Bolnisi bələdiyyələrinin 300-ə yaxın qədim gürcü tarixi yazısı yer alıb. Əsərdə yazıların bir hissəsi tarix-mənbəşünaslıq baxımından araşdırılıb və analiz edilib. Bu, Kvemo Kartlinin keçmişi ilə maraqlanan geniş ictimaiyyətə Kvemo Kartlinin tarixi-coğrafi əyalətinin əsrlər boyu necə mühüm rol oynadığını görməyə imkan verəcək”, - tarix elmləri doktoru Tamaz Qoqoladzenin Marneuli bələdiyyəsinin meri Kənan Ömərova müraciətində qeyd olunub.

Tamaz Qoqoladze özü Marneuli meriyasına istədikləri halda kitab almağı təklif edib və Marneuli meriyası onun təklifi ilə razılaşıb.

“Xatırlatmaq istərdim ki, 2022-ci il fevralın 22-də tarix elmləri doktoru Tamaz Qoqoladzenin müracətini aldım. Bu “Kvemo Kartli epiqrafik korpusu - Marneuli, Tetritskaro, Bolnisi” əsərində analiz edilmiş tarixi yazılar toplusu kitabının nəşri və maraqlandığı halda özünüidarənin bir neçə nüsxə alması ilə bağlıdır.

Əlavə olaraq əsərin kiçik hissəsi göndərilib, burada yazılardan birinin açıqlaması görünür. Təqdim olunmuş material təsirli və dəyərlidir.

Qeyd olunan kitabın əhəmiyyətindən irəli gələrək, hesab edirəm ki, özünüidarə 30-35 nüsxə almalıdır. Sonra ictimaiyyətə əlçatan olması məqsədi ilə bələdiyyənin kitabxana şəbəkəsinə verilsin”,
- Marneuli meriyasının Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman və Uşaq Hüquqlarının Müdafiəsi Xidmətinin rəhbəri Nino Dekanoidzenin izahatnaməsində qeyd olunub.

Marneuli meriyası Tamaz Qoqoladze ilə 2023-cü ilin 10 martında sadələşdirilmiş qaydada müqavilə bağlayıb. Meriya tarix elmləri doktoru tərəfindən təqdim edilmiş 30 ədəd kitab alıb, bir kitabın qiyməti 60 laridir.

Print Email
FaceBook Twitter Google