Marneulidə “Qəbirdə yatsam belə, həmişə həyatdayam” adlı tədbir keçirilib
24 yanvar tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə Azərbaycanın Xalq şairi Zəlimxan Yaquba həsr olunmuş “Qəbirdə yatsam belə, həmişə həyatdayam” adlı tədbir keçirilib. Tədbir “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı baş tutub.

Əvvəlcə Xalq şairi Zəlimxan Yaqubun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açaraq Zəlimxan Yaqubun həyat və yaradıcılığından söz açıb, Azərbaycan dövlətinin Xalq şairinə daim diqqət və qayğı göstərdiyini, onun yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd edib. Bildirib ki, şairin yaradıcılığı Gürcüstan dövləti tərəfindən də yüksək qiymətləndirilib.

Daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında Zəlimxan Yaqubun yaradıcılğından, Azərbaycan mədəniyyətinin inkişafındakı, dünyada tanıdılmasındakı təbliğindəki rolundan danışıb. Bildirib ki, Azərbaycan dövləti mədəniyyət xadimlərinə, şairlərə, söz, saz və sənət ustalarına daim diqqət və qayğı göstərib. Z.Yaqub da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyevin sərəncamı ilə Şöhrət Ordeni, Prezident İlham əliyev tərəfindən Xalq şairi fəxri adı ilə təltif olunub.

Gürcüstan Parlamentinin keçmiş deputatı, ictimai xadim Ramiz Bəkirov, politoloq Levan Mamaladze, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Fatma Əliyeva, sabiq deputat, ictimai xadim Hidayət Hüseynov, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə çıxış edərək Z.Yaqubun həyat və yaradıcılığından söz açıb, Vətənə, xalqa, millətə həsr olunmuş şeirlərini təhlil ediblər. Bildirilib ki, Xalq şairinin anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına mədəniyyət evi və muzey yaradılacaq. Artıq bununla bağlı sənədləşmə işləri başa çatdırılıb və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.

Aşıqlar Həvəskar Qurbanov, Nargilə Mehdiyeva, Şahbaz Göyçəoğlu və başqaları şairin şeirlərinə bəstələmiş mahnılar ifa ediblər. Məktəblilər şairin şeirlərindən parçalar söyləyiblər.

Tədbirdə Z.Yaqubun həyat və fəaliyyətinin ayrı-ayrı hissələrindən, Heydər Əliyev, Prezident İlham Əliyev, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze və digər rəsmi şəxslər ilə görüşlərindən bəhs edən sənədli film nümayiş etdirilib.

Sonda Xalq şairinin qardaşı Çingizxan Yaqubov çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə “Azərbaycan Evi”nə, eləcə də şairin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə, Gürcüstandakı səfirliyinə minnətdarlığını bildirib.

Tədbirdə Marneuli və Bolnisi rayonlarının Bələdiyyə məclis üzüvləri Mahir Bayramov və başqaları, TİKA nın Gürcüstan nümayəndəliyi rəhbər müavini Muhammed Emre Ezber, ziyalılar və ictimayyət nümayəndələri iştirak edib.

Print Email
FaceBook Twitter Google