Marneulidə körpünün bərpası işləri pis hava şəraitinə görə dayandırılıb – meriya
Marneulidə Durmuşxan Mağalaşvili adına körpünün bərpası işləri dayandırılıb. Marneuli meriyasından “Marneuli” radiosun bildirirlər ki, işlər hava şəratinin pis olmasına görə dayandırılıb.

“Pis hava şəraiti ilə əlaqədar işlər dayandırılıb. Hava inşaatçılara işlərini davam etdirməyə imkan verən kimi, bir neçə günə davam edəcəklər”, – Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze bildirib.

İndiki mərhələdə Durmuşxan Mağalaşvili adına körpüdə işlərin nə zaman bərpa olunacağı məlum deyil.

“İşlərin tez başa çatdırılması bizim də, şirkətin də maraqlarına daxildir”, – Davit Çikadze bildirdi.

Qeyd edək ki, 8 yanvar tarixində Durmuşxan Mağalaşvili adına körpünün bərpası işlərini həyata keçirən “İrlani” MMC şirkətinin direktoru Temur Tabukaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi ki, körpünün bərpası işləri yanvarın sonuna qədər tamamlanacaq. Bu gün, 29 yanvar tarixində Temur Tabukaşvili ilə əlaqə saxlamağa çalışsaq da, o, bizim zənglərimizə cavab vermədi.

30 noyabr tarixindən Mağalaşvili adına körpüdə hərəkət məhdudlaşdırılıb. Bu şəhərdə tıxacların yaranmasına səbəb olub. Əvvəlcə Marneuli meriyasından bildirirdilər ki, körpüdə avtomobillərin hərəkəti 20 dekabr tarixindən bərpa olunacaq. Sonra isə vəd verdilər ki, körpüdə avtomobillərin hərəkəti yeni ilə qədər bərpa olunacaq, amma hələ də körpüdə maşınların hərəkəti bərpa edilməyib.

Marneuli meriyası körpünün bağlanmasına görə yaranmış tıxacları yüngülləşdirmək üçün Mağalaşvili körpüsünün altından müvəqqəti dəmiryolu keçidi də quraşdırıb.

Marneuli şəhərində Durmuşxan Mağalaşvili adına körpünün bərpası işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirir. İşlər beş aydan artıqdır, davam edir. Marneuli meriyası şirkətlə 2023-cü ilin 5 may tarixində müqavilə bağlayıb. Müqaviləyə görə, işlərin başa çatdırılması müddəti olaraq 150 gün, təxminən 5 ay müəyyən edilib. Meriya və “İrlani” MMC arasında 5 may tarixində bağlanmış müqavilədə 12 oktyabr tarixində dəyişiklik edilib. Dəyişikliyə əsasən, şirkətə işləri həyata keçirmək üçün 25 dekabra qədər vaxt verilmişdi.

Print Email
FaceBook Twitter Google