Marneulidə gənclər forumu keçirilib
4 mart tarixində Marneulidə gənclər forumu keçirilib. Tədbir “Yeni Düşüncə İnstitutu”-nun regional layihələrindən birinin yekunlaşdırılması ilə əlaqədar baş tutub.

Layihə çərçivəsində gənclərə öz icmalarında olan problemlər haqqında danışmaq və advokatlaşdırma kampaniyaları keçirmək imkanı verilib.

“Mən çox sevinirəm, çüni bizim möhtəşəm layihələrimizdən birini başa vurduq. Layihə əlbəttə, Yeni Düşüncə İnstitutunun digər layihələri kimi regionda yaşayan gənclərin gələcəyinin qayğısına qalmağı nəzərdə tuturdu. Bu Niderland səfirliyi tərəfindən maliyyələşdirilən regional layihə idi və tərəfdaş təşkilat Qafqaz Evi idi”, – Yeni Düşüncə İnstitutunun təsisçilərindən biri Ariz Daşdəmirov bildirir.

Gənclər forumunda Niderlandın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Meline Arakeliani də iştirak edib. O, bizimlə söhbəti zamanı bildirdi ki, layihə mühüm məqsədlərə xidmət göstərirdi. Onlardan biri isə gənclərdə praktiki bacarıqların inkişafı idi.

“Mən Marneulidə keçirilən ilk gənclər forumunda iştirak etdim. Layihə gənclər üçün vətəndaş iştirakı haqqında idi. Bu gənclərə praktiki bacarıqlar öyrədən layihədir ki, onlar fəal vətəndaş ola bilsinlər. Layihəni necə yazmaq, yerli hökumətlə necə əlaqə qurmaq, cəmiyyətdə olan problemləri müəyyən etmək kimi bacarıqlar. Ona görə də hesab edirəm ki, bunlar çox yaxşı təşəbbüslərdir və Niderland səfirliyinin onlara dəstək ola biləcəyinə sevinirəm”, – Meline Arakeliani bildirir.

Yeni Düşüncə İnstitutunun Qardabanidə layihə koordinatoru Nübar Bayramovadır. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, layihəyə Qardabanidən 15 gənc qoşulubmuş və onlar müxtəlif təşəbbüslər həyata keçiriblər.

“Bu layihəni həyata keçirmək çox zəruri idi, çünki gənclər öz ideyalarını həyata keçirməyi, ərizə yazmağı, petisiya yaratmağı və s. öyrəndilər. Əvvəlcə kəndlərdəki problemlər, onların səbəbləri haqqında və təbii ki, onların həlli yollarını da düşünürdülər”, – Nübar Bayramova bildirir.

Gənclər Forumunun yekununda layihədə iştirak edən gənclərə sertifikat verilib. “Yeni Düşüncə İnstitutunun” məlumatına görə, onlar bu kimi layihələrin həyata keçirilməsinə davam edəcəklər və layihələrə daha çox adamın qoşulmasın çalışacaqlar.

Print Email
FaceBook Twitter Google