Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov! - Samirə Bayramovanın səsli fikri
Salam bəy! Doğum gününüz mübarək!
Elə bilirdim 100 yaşa deyəndə biz bunu söz kimi qarşımızdakına xoş
gəlsin deyə deyirik, amma, artıq150 yaşa girmisiniz. İndi isə
deyirəm daha bundan sonra 1000 yaş da yaşayın. Yəqin ən çox indi
bizim buralarda nə baş verdiyi sizi daha çox maraqlandırır nəinki
xoş arzular. Öz maraqlı dünyamızdan Sizə yazıram, hər şeydən
yazacam.
Yaz həmişə eyni gəlirdi, eyni ilə Sizin zamanda olduğu kimi.
Günəş də sizin dediyiniz kimi, qoca Şərqdən çıxıb, şərqarışana
batırdı. Nəisə... Oğlunuz Nəcəfə yazdığınız kimi, mən də daha çox
siyasi, ictimai mövzulardan, yəni maraqlandığınız mövzuları
yazacam. Hə, bir də “Nadanlıq” deyə ifadə etdiyiniz təhsildən.
Buralarda üç həftədir ki, həyat dayanıb. Elə Virus yayılıb ki,
bütün dünyanı əhatə edib. Hamı evindədir, daha doğrusu canı
hayındadı. Doktor olduğunuza görə bunları daha dəqiq bilirsiniz.
Bizlər guya evində qalmaqla canımızı qoruya bilərik. Sağ qalmağa
çalışsaq da, bir çoxumuz bunun bir şeytan əməli olduğunu düşünüb
inanmırıq. Küçələrimizə dualı sullar çiləndi, ümid edirik ki,
Tanrını qəzəbləndirmişik və bununla biz ona daha yaxın olub bu
bəladan xilas olacağıq. Əlimizə şəkil götürüb Tanrının ətrafında
fırlanırıq. “Bu müqəddəsinə and veririk bizi qoru Tanrı”. Doktor
bunları oxuyanda dodaqaltı gülümsəmə. Amma bir çoxlarımız da ən
azından inanırıq ki, bunun dərmanı peyvənd və təmizliyə riayyət
etməkdir. Söhbət bu şeytan işlərindən düşmüşkən, bir-iki əlavələr
edim. Evdə qalmaqdan darıxıb nəsə oxumaq üçün, kitabxanamda
dolaşırdım, təsadüfən ərəb yazılı bir xırda kağız parçasına rast
gəldim, sonra məlum oldu ki, mənim hələ də evlənmək istəmədiyimdən
anam çox narahatdır və çarəni cindarın yazdığı “dua”da axtarır.
Bundan əslində tez tez tapılır, bir çoxları mənə edir yəqin içində
ən etibarlısı anamın etdiyi olar, mənə ad günümdə hədiyyə veriləndə
də belə balaca ərəb yazılı kağız vardı, eyni zamanda mənim
qəbirstanlığa basdırılmış şəkillərimi çəkib atırlar, bununla
yetinməyib, darvazamızı yağlayıb buğlayırlar qəribə heyvan yağları
ilə. Bunu illərdir edirlər mənə hər şeyə görə amma nəsə dəyişən bir
şey yoxdur. Əslində bu çox adamın ailəsində baş verən hadisədir.
Təhsilli qadındır amma neynəyək, çarə hər qapıda var deyirlər! Bir
dəfə çox qəribə iyrəncini tapmışdım və qorxdum, bilmirdim kim niyə
etmişdi, işdən gələndə aşkar etmişdim, bu yəqin ictimai nəqliyyatda
atılmışdı çantama,dedim bunu bəlkə kiməsə göstərim, dedilər
yazanlar bilər nədir bu, insan növbəsinin sayı hesabı yox idi, geri
qayıtdım atdım suya. İndi bunu hamının anası bacısı mütləq edir,
bəy! Təsəvvür edirsiniz bəy, onlar doğmalarının həyatını məhv
edirlər, öz həyatını deyil məhz ana bacısının arzu etdiyi həyata
yaşamağa məcbur edilirik bəy!
Bir neçə gündür evdə otururam və eyni zamanda olub bitənləri
izləyirəm. İndi çox rahatdır, istənilən məlumatı biz bir neçə
dəqiqəyə axtarıb tapa bilirik. İşlərin çoxunu evdən çıxmadan həll
etmək olar. İndi heç məktub üçün poçta kağız atmağa gərək yoxdur,
heç kağız işlətmədən göndərib bir neçə saniyəyə ünvanına çatdıra
bilirik. Daha Mirzə Cəlilin “əziz-xələfi” kimi poçtalyonla dava
salmağa gərəkdə qalmayıb amma indi mən özüm də sirli məktublarımı
poçta əmanət etmirəm, bunu da özünüz daha yaxşı başa düşərsiniz
bəy.
Məktəblər bağlanıb, gedən yoxdur. Yəqin düşündünüz bu xalq axırda
məktəbdən imtinadamı etdi. Çox pis səsləndi, ləğv olunmayıb, yeni
bir sistemə də keçməyib, sadəcə virusa görə bütün sistem evdən
işləyir. Sizin dövrə baxanda indi uşaqların demək olar ki, hamısı
oxuyur. Beləcə zaman keçirib, əsas odur məktəbə gedirlər. Təhsil
düşünürəm bizlik deyil, özümüzü alışdıra bilmirik, bir neçə nəfər
universitet oxuyanımız var, onları də gözüm çıxdıya salıblar.
Deyirlər ki, gedib oxuyub alimmi olacaqsınız? Gedib olan bitən
tərbiyənizi də Tiflisdə itirirsiniz, qayıdanda heç böyük-kiçik yeri
bilmirsiniz, sözə baxmırsınız. Biz sizi ona görə böyütdük ki, bizim
üzümüzə ağ olasınız? Biz də qalmışıq belə... Səbrlə mübarizə edən
uzun yoldan sonra qazanır, zəiflər isə öz keçmişlərinə qovuşub
gələcəyi yalnız xəyal kimi yaşamaqla çayxanalarda, dörd otaqda
bildiyin işlə məşğul olurlar.
Qonşumuz bizə gəlib, məktub gəlib ona, oxuya bilmir. Hələ də gürcü
dilini bilmirik, gətirib ki, görsünlər nə yazılıb. Elə bu həngamədə
bir iki nəfər də telefonunu göstərir ki, mənə də sms gəlib, (yəni
elektron məktub) bir oxu, görək nə deyir. Gürcü dilində mən kimilər
onlara bu məqamlarda lazım olurlar. Hələ də ərizə yazmaq lazım
gələndə gürcücə oxumuşların yanına gedib öz sözlərini yuxarılara
belə çatdırırlar. Hesab edirlər ki, bir iki oxumuş olsa bəsdir.
Belə işlərə lazım gəlirik onlara.
Bu günlərdə bütün işlər təxirə salınıb. Hətta toylar da. İyirimi
gün bundan əvvəl 15 yaşlı qızın toyu təxirə düşdü. İndi təzə qayda
var, gərək qızını tez evləndirməyəsən, yoxsa qanun öz işini görür,
biz təbii ki, bunun da bəzən yollarını tapırıq, yuxarıdan bir-iki
adam tapıb, həll edirik. Bu dəfə məsələ fərqli olub. Deyiblər ki,
oğlan Rusiyyətdən gəlib və problem olmaz. Buradan da kimsə
polislərə çatdırıb ki, burada 15 yaşlı qıza toy edirlər, onlar da
gəlib icazə verməyib. Belə baxanda belə hadisələr tez-tez olur.
Bizim yaxın vardı, deyir ki, mənə oxumuş qız lazım deyil, savadsız,
məktəbi bitirməmiş və dünya görməmiş olsun. İstəyirəm mənim sözümə
baxsın, mənə tabe olsun.
Biz də çalışırıq ki, yaşadığımız ölkənin cəmiyyətinə inteqrasiya
olaq, bütün başımız bu işlərə qarışıb, amma görünür bizi eləcə
yamaq etməyə çalışırlar. Hökümət də bircə tələb səsləndirir,
deyirlər- dövlət dilini öyrənin, mədəniyyətimizi öyrənin. Biz sizə
iş verək bizdən biri olun, bunu edənlər də var, amma sonra da başqa
işlər tələb edirlər, yaltaq ol, nə deyirik,- hə, de, biz milli
mövzu demə, sənin öz dilin və mədəniyyətini gözə soxma.
Unutdum deməyi. İndi bütün Qafqaz ölkələri artıq 30 ildir ki,
RSFSR-dən, ZaqFederasiyadan, SSRİ-dən, Kommunist işğalında azaddır.
Lenindən sonra, Stalin gəldi o da lap dümdüz qoydu hər yeri. Sizin
tanıdığınız, dostluq etdiyiniz xeyli yazarı, şairi çar
Romanovlarsayağı sürgün etdirib, güllələtdirib öldürdülər amma
siyahını da biz özümüz hazırlayıb vermişdik.
İndi müstəqil dövlətik. Amma hələ də bilmirik, kimik. Gah
azərbaycanlı, gah türk, gah da heç kim oluruq. Hələ nə özümüzə nə
bir milli kimlik nə də soyad tapmışıq. Hərdən Sizi və Borçalını
tərk edib gedənləri qınayırıq, elə məqamlar var ki, haqqlıyıq da.
Bəlkə qalsanız, Borçalıda çox şeyə nail ola bilərdik. Bütün
qaymaqlar çıxıb getdi, tərk etdi Borçalını, Sizin zamanda deyildiyi
kimi buralar təmiz “boşşalı” oldu. Bəlkə bizlər indi daha xoşbəxt
günlər yaşayırdıq sizlərin sayəsində. Hələ bu azmış ki, millətçi
Qamsaxurdiya vardı, bir də o qərar çıxartdı ki, Gürcüstan
gürcülərindir və bu “qalıq quluqları” burdan yox edin, qovun. Bu
hadisə 1990-larda baş verdi, minlərlə ailə qovuldu, kim hara gəldi,
çıxıb getdi.
Amma o dövran da dəyişdi, indi bizə demokratik hüquqda veriblər ki,
siz özünüzə başçı, nümayəndə kimi istəyirsiniz seçin, biz də
deyirik ki, biz bilmirik, bizə bir iki kilo soğan, kartof verin,
özünüz kimi məsləhət edirsinizsə o da olsun. Bizlik deyil bu işlər,
qadanız alaq, uzaq edin bu şeytan işlərini bizdən. Bizə deyin:-
gedin, əkib becərin, alver edin. Bax onda hansı gürcü bizlə yarışa
çıxarsa buyursun. Sizin oğlunuz Nəcəfə buyurduğunuz kimi: Oğul bu
siyasət meydanı sənin kimi ənəviyyatı təmiz adamlar üçün deyil,
Siyasətə qatıldınsa milliyini itirəcəksən, iradənin əleyhinə
gedəcəksən, mənəviyyatını yalanlarla zədələyəcəksən, və sairə anti
humanist bir mühitin içində Sizi kimi məhv ola biləcəyini oğlunuza
xatırlatmısınız. (Məktublarınızı 10 il öncə oxumuşam, məğzi-mənası
belcə yadımda qalıb.)
Deməyə sözüm çoxdur amma çox uzun olmasın.Yəqin deyəcəksən ki, nə
dəyişib ki, elə cəmiyyət həmin cəmiyyətdir. Sadəcə texnika inkişaf
edib, amma beyn və düşüncə köhnə adətində öz yerini möhkəm
tutub.
Sonda bir neçə kədərli hadisə də yazım. Bu sizinlə bağlıdır.
Bilmirəm, bəlkə bu ilk və son məktubdur deyə qeyd etmək istəyirəm.
Tiflisdə böyüyüb başa çatdığınız eviniz artıq yoxdur, onu lazımsız
bilib, söküb satıblar. İndi yerində mehmanxana tikirlər. Amma
evinizin yaxınlığında bir oxşarını tikiblər arada bəzi adamlar
gedib sizin şəkilləri doktor əşyalarınızı, kitablarınızı,
dəsti-xəttiniz olan əlyazmalaırnızı, “Məktublarınızı” yad edir.
Sizin fərqli düçüncə sahibi olduğunuza görə bizi qınayırlar. Mən
ümid edirəm ki, bizlər sizi könlümüzdəki sevgi işığıyla bərabər
Borçalıdakı mərmər abidənizi də qorumağa borcluyuq. Bu haqqı itirə
bilmərik. Biləsiz ki işlədiyiniz əski Sarvan rayonunda sizə heykəl
ucaldılıb və yanında da adınızı yaşadıb daşıyan mədəniyyət evi inşa
etmişlər. İndi adınızı götürüblər, yəqin ki, gələcəkdə bizim öz
əlimizlə heykəlinizi də qaldırmaq istəyəcəklər. Xatırlatmaq
istəyirəm ki, sizin adınıza olan mədəniyyət evindən isminizi məhz
sizin öz millətinizdən rəhbər olan birinin qollaması ilə siliblər.
Nadan həmişə nadan qalır.
Mən ümid edirəm ki, siz hələ çox yaşayacaqsınız!
Bu məktubu xeyli əziyyətlə anamın tikanlı sözlərinin ifasında
yazdım. Hesab edir ki, mən hələ kim olduğumu bilmirəm, mənim
vəzifəm ev işləri görmək, hər yeri təmiz saxlamaq və evdəkilərə
qulluq etməkdir. Bu gün çox ağır gün idi və bir az yürüş etdim və
buna görə də xeyli töhmət olundum, bu çox ayıb bir iş imiş və mən
yerimi bilməyən özündən razı və oxuyub tərbiyyəsizləşmiş qızam.
Bunları indi eşitmək üçün içimdəkləri yazmağa dəyərdi, eybi yox hər
gün hər qızın anası məhz ona belə təltif edir. Bunu ona görə yazdım
ki, siz özünüzü keçən və dəyişməyən zamana görə narahat
etməyəsiniz. Yəqin 1000 yaşınızın təbrikini alanda siz daha yaxşı
sözlər və əsl dəyişmiş cəmiyyət haqqında məktub alacaqsınız bəlkə
də bitmiş və yox olmuş cəmiyyət!
Cənab Doktor Nəriman bəy! 150 illiyinizlə bağlı mən də oğlunuza
yazdığınız məktubun abu-havasında, giley-güzarımızı, təbrikimizi
çatdırmaq istədim.