Gürcüstanın Baş Naziri Azərbaycan Milli Məclisinin sədri ilə görüşüb
Oktyabrın 9-da Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş Naziri Qiorqi Qaxariya Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşüb.

"Marneuli" radiosu "Report"a istinadən xəbər verir ki, Oqtay Əsədov Q. Qaxariyanı Baş Nazir kimi Azərbaycana ilk rəsmi səfərini yüksək dəyərləndirib. O ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçirilən görüşlər dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək.

Qiorqi Qaxariya ölkəsinin Baş Naziri qismində ilk səfərini məhz Azərbaycana etdiyini vurğulayıb. O qeyd edib ki, heç bir qüvvə Gürcüstan-Azərbaycan dostluğuna, qardaşlığına kölgə sala bilməz. Hər iki xalq tarixən bir-birinə yaxın olub, dostluq və əmin-amanlıq şəraitində yaşayıblar. Tarixin müəyyən dönəmində oxşar problemlərlə üzləşməyimiz regionda təhlükəsizliyin təmin edilməsinin necə vacib olduğunu bir daha önə çıxarıb. Bölgədəki münaqişələr inkişafa böyük maneə yaradır. Biz bu problemlərin beynəlxalq hüququn normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq.

Vurğulanıb ki, hər iki ölkənin birgə həyata keçirdiyi layihələr bölgə sərhədlərini aşaraq, qlobal əhəmiyyət kəsb edib. Gürcüstanın Baş Naziri parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsinin vacibliyinə toxunaraq beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakını və bir-birilərini dəstəkləmələrini təqdir edib.

Görüşdə Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Hikmət Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.
Print Email
FaceBook Twitter Google