"Mənzildə qalın, ancaq eyvana çıxmayın" – eyvanları uçmuş binanın sakinlərinə meriyanın cavabı
14:49 / 01.07.2022
Bu gün,1 iyul tarixində Marneuli şəhəri, Nərimanov 1 ünvanında
yerləşən binanın sakinləri meriya ərazisində etiraz aksiyası
keçiriblər.
Söhbət 26 iyunda iki eyvanı uçmuş binaın sakinlərindən gedir.
Hadisə nəticəsində iki nəfər dünyasını dəyişmişdi. Yerli sakinlərin
sözlərinə görə, onlar bədbəxt hadisədən sonra daim qorxu içində
yaşayırlar. Çünki binanın zirzəmisi demək olar çirkabdır və binanın
dam örtüyü də yaxşı deyil.
Onların sözlərinə görə, yağış yağan zaman mənzillərə su damır və
onlar ölçü götürülməsi üçün meriyada, media qarşısında görüş tələb
edirdilər. Ancaq görüş jurnalistlər üçün qapalı şəraitdə keçirilib.
Aksiya iştirakçılarının görüşdən sonra "Marneuli" radiosuna
bildirdiyinə görə, onlara yaxın gələcəkdə hakimiyyət tərəfindən
ölçülər götürüləcəyi ilə bağlı vəd veriblər. Ona qədər isə əhaliyə
xəbərdarlıq ediblər ki, binanın eyvanlarından istifadə
etməsinlər.
Qeyd olunan binanın eyvanları uçmuş iki girişində yaşyan sakinlər
müvəqqəti olaraq mehmanxanada və ya yaxınlarının yanında
yaşayırlar. Çoxmərtəbəli binanın digər girişlərində yaşayan ailələr
evlərini tərk etməkdən imtina ediblər və ekspertizadan sonra
nəticələrin çıxmasını gözləyirlər.
Qeyd edək ki, 26 iyun tarixində Marneulidə baş vermiş bədbəxt
hadisədən sonra meriyaya müraciətlərin sayı artıb. Vətəndaşlar
yaşayış binalarına baxış keçirilməsini tələb edirlər. Marneuli
merinin müavini Roin Dekanoidze 29 iyunda "Marneuli" radiosuna
bildirmişdi ki, şəhərdə binalardan birində eyvanlar uçduqdan sonra
vətəndaşlar özünüidarəyə binalara baxış keçirməsi üçün ərizə ilə
müraciət edirlər. Dekanoidzenin sözlərinə görə, məsələni hərtərəfli
şəkildə araşdıracaqlar, işə ixtisaslı ekspertlər və ya ekspert
qrupu qoşulacaq. Bələdiyyənin bu araşdırmaya nə qədər vəsait
ayıracağı hələ məlum deyil.