Gürcüstanın müstəqilliyinin bərpasından 105 il keçir. Bununla bağlı
Marneulidə bir sıra tədbirlər keçirilir.
Belə tədbirlərdən biri də bu gün, 24 may tarixində Marneuli İctimai
Kollecində baş tutdu. Tədbir Gürcüstan himinin səsləndirilməsi ilə
başladı və kollecin həyətində bayraq ucaldıldı.
Daha sonra tədbiri giriş sözü ilə açan kollecin direktoru Mahir
Bayramov qonaqları salamladı və qeyd etdi ki, Gürcüstan artıq
müstəqil bir ölkədir. Buna görə də gənclərin maarifləndirilməsi
üçün bu cür tədbirlərin keçirilməsi vacibdir. O, ümid edir ki,
gənclər öz ölkələrinin müstəqilliyini qoruyaraq, gələcək nəslə
ötürə biləcəklər.
Kollecdə baş tutan tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin
müşaviri Eldar Bayramov, Gürcüstan Parlamentinin deputatı Zaur
Darğalı, Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanov,
QHT nümayəndələri, tələbələr, müəllimlər, valideynlər və dəvət
olunmuş qonaqlar iştirak edirdilər.
Tədbirdə çıxış edən səfirliyin müşaviri Eldar Bayramov Gürcüstan və
Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı məlumat verdi. O,
çıxışı zamanı 1918-ci ildə Azərbaycanın da müstəqillik əldə
etdiyini bildirdi. Bayramov çıxışı zamanı qeyd etdi ki, bu tarixi
heç bir zaman unutmamalı, müstəqilliyimizin keşiyində durmalıyıq və
qorumalıyıq.
Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı vətəndaşları
Gürcüstanın Müstəqilliyi Günü münasibəti ilə təbrik etdi. O,
bildirdi ki, bu gün həm dövlətimiz və həm də vətəndaşlarımız üçün
çox önəmli bir gündür.
“Bu gün dünyada və bölgədə olan çətin geosiyasi
vəziyyətə baxmayaraq, dövlətimiz öz müstəqilliyini ölkə daxili
sülh, stabillik və inkişafı qoruyaraq çox düzgün addımlarla
irəliləyir”.
Marneuli İctimai Kollecinin meneceri Ləman Bayramova tədbirdə
iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi və qeyd etdi ki,
kollecdə bu cür tədbirlər davamlı şəkildə keçiriləcək.
“İlk öcə bu gün münasibəti ilə bütün vətəndaşlarımızı
təbrik edirəm. Dövlətimizə sülh, əmin-amanlıq, xoş günlər və ərazi
bütövlüyünün bərpa olunmasını arzu edirəm. Bizim əsas məqsədimiz bu
cür tədbirləri keçirərək, gələcək nəslə öyrətmək və göstərməkdir.
Kollecimizin tələbələri də bu günü böyük qürurla anırlar və kiçik
bir təbir hazırladılar”.
Tədbir konsert proqramı ilə davam etdi. Konsert proqramında
Marneulili müğənni Şaban Məmmədov, “Sarvan” folklor rəqs qrupunun
rəqsləri, kollecin tələbələrinin hazırladığı şeir və mahnılar ifa
olundu.
Qeyd edək ki, 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası
dövlət müstəqilliyi aktını qəbul edib. Noe Jordaniyanın başçılıq
etdiyi ilk demokratik respublika Sovet işğalınadək - iki il yarım
mövcud olub. Bu dövrdə Gürcüstanın müstəqilliyi aparıcı Avropa
ölkələri tərəfindən tanınıb. Gürcüstan müstəqilliyini 70 ildən
sonra - 1991-ci ilin aprelin 9-da yenidən bərpa edib.