“Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmiryolu sahəsində
baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən
sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa
işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən
çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan
filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov
dünyasını dəyişib.
“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma
baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr
diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti
normaldır, əlavə xəsarət alan olmamışdır”, - QSC-dən
bildirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.