ABŞ səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Marneuliyə səfər edib
Bu gün, 20 fevral tarixində Amerika Birləşmiş Ştatları səfirliyinin İctimai Diplomatiya Şöbəsinin mədəniyyət məsələləri üzrə attaşesi İven Kali Marneulidə qonaq olub. O, “Marneuli” radiosu söhbəti zamanı bildirdi ki, Marneuliyə çoxdan səfər etmək istəyirmiş.

“Uzun zamandır Marneuliyə gəlmək istəyirdim. Hələ ABŞ-da idim və Gürcüstan haqqında məlumat araşdırırdım, Marneulinin nə qədər xüsusi olduğunu - əhalinin fərqliliyi, etnik azlıqlar öyrəndim.
Mənə çox adam deyib ki, Gürcüstanda eyni xalqlar yaşayır, amma Tbilisidən kənara çıxsan bütün şəhərlərdə fərqli adamların yaşadığın görərsən. Marneulidə etnik azlıqlar çoxluqdur və öz müxtəlifliyi ilə bu region çox xüsusidir, ona görə də Marneuliyə gəlmək istəyirdim”,
– İven Kali bildirir.

ABŞ səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Marneuliyə səfəri çərçivəsində Marneulinin Amerika Guşəsində olub və yerli gənclərlə görüşüb.

“Amerika Guşələrinə” səfər etmək həmişə xoşuma gəlir və bütün şəhərlərdə gənclərlə görüşməyə çalışıram. Görüşlər həmişə eyni, çox sakit başlayır, bir neçə dəqiqədən sonra hamının çoxlu sualı yaranır. Düşünürəm ki, Marneuli gəncləri də belədir, hər yerdə olduğu kimi. Onlar müxtəlif imkanlarla maraqlanırlar, təcrübə keçmək istəyirlər, dünyadakı müxtəlif ölkələr haqqında məlumat almaq istəyirlər”, – İven Kali bildirir.

Amerika Birləşmiş Ştatları səfirliyinin nümayəndələri Marneulidə “Modus” kollecində də olublar və “Bərabərlik üçün karyeraya dəstək” layihəsinin təqdimatında iştirak ediblər.

“Biz səhər görüşə gələndə dərhal bildim ki, Marneuliyə qayıtmaq və burada daha çox vaxt keçirmək istəyirəm. Bu gün icma problemləri ilə məşğul olan insanlarla bir az söhbət etdim və maraqlı oldu. Hesab edirəm ki, səfirlik bunu tez-tez etməlidir. Bölgələrdə Amerika Guşələrinin olması çox yaxşıdır, amma ümid edirəm ki, səfirliyin elan etdiyi qrant proqramlarında iştirak edə biləcəyiniz barədə məlumatınız var, böyük təşkilat olmaq məcburiyyətində deyilsiniz. Biz təşkilatlara çox pul təklif etmirik, mənim departamentimdən 10-dan 20 min dollara qədər vəsait ola bilər”.

ABŞ səfirliyi tərəfindən maliyyələşdirilmiş layihə çərçivəsində “Modus” kollecində uşaq otağı yaradılıb. Otaq müvafiq inventarla təchiz edilib. Məkan peşə təhsilinə qoşulmuş gənc valideynlərə dəstək məqsədi daşıyır ki, onlar tam təhsil ala bilsinlər. “Bərabərlik üçün karyeraya dəstək” 15 aylıq layihədir və təlimçilərin hazırlanması prinsipləri, karyera və peşə istiqaməti, qızların təhsili və gender bərabərliyi məsələləri üzrə 20 karyera məsləhətçisinin hazırlanmasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google