Kobaxidzenin sözlərinə görə, “Gürcü arzusu”nun parlament siyahısında arzu edən hər kəs qala bilər

Baş nazir İrakli Kobaxidze jurnalistin oktyabrın 26-da keçiriləcək parlament seçkilərində “Gürcü Arzusu”nun partiya siyahısı ilə bağlı sualını cavablandırıb.


Onun sözlərinə görə, indiki parlament çoxluğunun bütün üzvləri siyahıda qala bilər.

“Parlament çoxluğuna gəlincə, mən hesab edirəm ki, hazırkı parlament çoxluğunun bütün üzvləri bu parlament siyahısında qalmaq arzusundadırlar. Bu, komandanın, hər bir komanda rəhbərinin ümumi münasibətidir. Bu, bütün
kollektivin ümumi münasibətidir - bu, təbii ki, fəxri sədr, partiya sədri, hər bir siyasi şura üzvü deməkdir. Bugünkü parlament çoxluğu görkəmli komanda olduğuna görə, əgər bu komandanın hər bir üzvünün qalmaq imkanı varsa, onlara bu imkanı vermək lazımdır”,
- Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, siyahının formalaşdırılması məsələsi ilə bağlı məsləhətləşmələr hələ başlamayıb.

“Cənab Bidzina İvanişvilinin münasibəti belədir ki, bütün prinsipial qərarlar məsləhətləşmələr əsasında qəbul edilməlidir. Bütün bu illər, 12 il ərzində Bidzina İvanişvili bu prinsiplə hərəkət etdi. Siyahı ilə bağlı məsləhətləşmələr hələ başlamayıb. Bizdə siyahıya kollegial olaraq, siyasi şura formatında baxılır. Ona görə də hər kəs bu məsələyə uyğun formatda baxılmasını gözləməlidir və siyasi şura formatında qərarlar veriləcək”, - deyə baş nazir bildirib.

“Mtavari” kanalının mənbəsinin məlumatına görə, bu mərhələdə Dito Samxaradze, Davit Matikaşvili, Arçil Talakvadze, Rima Beradze, İrma Zavradaşvili, İrakli Zarkua, Nino Tsilosani, Eliso Bolkvadze, Aluda Quduşauri “Gürcü Arzusu” partiyasının autsayderləri adlanır.

Parlament çoxluğunun nümayəndələri indiki mərhələdə siyahılardan danışmağı əsassız və əbəs fəaliyyət hesab edirlər.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google