Sərhəddə monastır? Hər şey olduğu kimi qalacaq - Azərbaycan mediyası yazır
2019-cu il
aprelin sonlarından Azərbaycan və Gürcüstan arasında yerləşən
"Keşikçidağ" ("David Qareci" - gürcücə) xristian monastırı ilə
bağlı münaqişədə yeni gərginlik başlayıb. Bu münaqişə SSRİ-nin
dağıldığı və postsovet respublikalarının müstəqilliyinin bərpa
olunduğu vaxtdan etibarən davam edir.
Azərbaycanın Gürcüstana qarşı heç bir ərazi iddiası yoxdur,
Gürcüstanda radikal milliyyətçi qrupların isə bu cür iddiaları
vaxtaşırı oyanır, həm də bu dövlətlər arasında sərhədlərin
delimitasiyası və demarkasiyası indiyədək yekunlaşmayıb. İki dövlət
arasında 446 kilometrlik ümumi sərhəd var, bunun üçdə biri hələ də
bölünməyib.
Sərhədlərin delimitasiyası üzrə İkitərəfli Hökumətlərarası
Komissiya hələ 1996-cı ildə fəaliyyətə başlayıb və 2007-ci ildə
sərhədin 70%-i bölünüb. Bəzi mübahisəli məsələlər, xüsusən,
Keşikçidağ monastırı və Erisimedi kəndi ilə bağlı məsələlər qalıb.
Amma 2008-ci ildə Cənubi Osetiyada müharibə başlayıb, daha sonra
2012-ci ildə yeni hökumət gəlib və sərhəd problemi uzun müddətə
təxirə salınıb.
Azərbaycan ictimaiyyəti Gürcüstanla sərhəd problemindən, demək olar
ki, tamamilə xəbərsiz idi və bu problemlə, konkret olaraq
monastırın taleyi ilə maraqlanmırdı, amma, görünür, Gürcüstan üçün
bu monastır daha böyük mənəvi əhəmiyyət qazanıb, dini bayramlarda
monastıra dindarlar axın edir.
Gürcüstanda, "Vətənpərvərlər Alyansı" partiyasını nəzərə almasaq
(milliyyətçi, Rusiyayönümlü partiya), əsas siyasi partiyalar
monastırın mənsubiyyəti məsələsi ilə məşğul olmurdular. Bu məsələdə
radikal dindar vətəndaşlardan ibarət kiçik qruplar, kiçik
milliyyətçi qruplar və tələbə qrupları xüsusi fəallıq göstərirdi və
onlar hamısı monastırın Azərbaycan hissəsinin yerləşdiyi ərazini
Gürcüstana verməyi tələb edirdilər.
Münaqişəni Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili
yenidən qızışdırdı. 2019-cu ilin fevralında və aprelində monastırı
ziyarət edən prezident ciddi şəkildə dövlətlər arasında sərhədlərin
delimitasiyası və demarkasiyası üzrə dövlətlərarası komissiyanın
işini təxirə salmadan bərpa etməyə çağırıb, Azərbaycan tərəfi də
bunu dəstəkləyib. Amma S.Zurabişvilinin ciddiyyəti Gürcüstanda
böyük gərginlik və Azərbaycanda narahatlıq dalğası yaradıb.
(Maraqlıdır ki, Gürcüstan prezidenti monastırın Gürcüstan
hissəsinə Avropa mədəni irsin müdafiəsi təşkilatı - Europa
Nostra-nın nümayəndələri ilə birlikdə baxıb. Bu təşkilat sözügedən
monastır kompleksini təhlükə altında olan abidə elan
edib.)
Bu gün monastırla bağlı vəziyyət aşağıdakı kimidir: monastır
kompleksinin bir hissəsi Gürcüstan, digər hissəsi Azərbaycan
ərazisində yerləşir, amma Gürcüstan vətəndaşlarının sərhədi
maneəsiz keçib monastırın Azərbaycan hissəsini ziyarət etməsinə
icazə verilib.
2019-cu il aprelin 25-də Azərbaycan tərəfi Formula1 yarışları ilə
bağlı təhlükəsizlik məqsədilə Gürcüstan vətəndaşları üçün monastıra
sərbəst girişi bağlayıb, bu da Gürcüstanda kütləvi etirazlara səbəb
olub və Azərbaycan tərəfdən sərhəd nəzarətinin gücləndirilməsinə
gətirib çıxarıb. 3 gün sonra Gürcüstan vətəndaşlarının monastıra
girişi Azərbaycan sərhədçiləri tərəfindən bərpa edilib, amma hər
iki ölkə ictimaiyyətində gərginlik qalıb. İndi bu məsələ üzrə öz
işini bərpa edən dövlətlərarası komissiyanın qərarını gözləmək
lazım gələcək.
Bəs bu məsələdə dövlətlərarası komissiyanın qərarı nəyə əsaslana
bilər? Əlbəttə ki, bu komissiya problemin tarixi-mədəni aspektini
diqqətdə saxlayır, amma bu aspektlər mütləq ola bilməz. 1000 il
əvvəl hansısa obyektin tərəflərdən biri tərəfindən inşa edildiyi
haqqında arqument mütləq ola bilməz, həm də, bir halda ki, hər iki
tərəf monastır kompleksinin onun əhalisinin nümayəndələri
tərəfindən yaradıldığını iddia edir. Belə ki, Azərbaycan alimləri
sübut edirlər ki, monastır kompleksinin Azərbaycan hissəsi -
mağaralarda Azərbaycan yamacında yerləşən hücrələr gürcülər və
albanlar tərəfindən deyil, xristianlıqdan çox-çox əvvəl yerli əhali
tərəfindən yaradılıb, orada gürcü freskaları və digər artefaktlar
isə sonradan ortaya çıxıb.
Dövlətlərarası komissiyanın mütləq nəzərə almalı olduğu məqam
1991-ci ildə Sovet İttifaqının mövcudluğuna son qoyulduğu anda
Gürcüstan və Azərbaycan SSR-lərin sərhədləridir. Bu halda SSRİ
Nazirlər Şurasının bu respublikalar arasında inzibati sərhədlərin
müəyyən edilməsi haqqında son qərarı əsas sənəd olmalıdır, çünki
tərəflərin bu sərhədləri beynəlxalq ictimaiyyət tərəfindən tanınıb
və sərhədlər bu qərara əsasən müəyyən edilməlidir.
Bu gün SSRİ-dən qalan sərhədlərin vəziyyətinə baxaraq, əminliklə
demək olar ki, SSRİ Nazirlər Şurasının sərhədlər haqqında son
qərarı müasir sərhədlərlə dəqiqliyi ilə üst-üstə düşür və
beləliklə, monastır kompleksinin bir hissəsi Gürcüstana, digər
hissəsi Azərbaycana məxsusdur.
Bu halda ehtimal etmək olar ki, Gürcüstan tərəfi monastır
ərazisinin bir hissəsini sərhəddə eyni əhəmiyyətə malik hansısa
Gürcüstan ərazisi ilə dəyişdirməyi təklif edəcək. Amma bu günə
qədər Azərbaycan tərəfi bu təklifi rədd edirdi, çünki gürcülərin
tələb etdiyi hissə Azərbaycan üçün həm mühüm mədəni, həm də
hərbi-strateji əhəmiyyətə malikdir. Bundan başqa, Azərbaycan
Ermənistanla münaqişə vəziyyətində olduğu üçün sərhədlərə yenidən
baxılması, torpaq verilməsi, status dəyişdirilməsi və s. məsələlərə
çox həssas yanaşır... "Burada torpaq verilməsindən söhbət belə gedə
bilməz", deyə Azərbaycan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli
nümayəndələri bildiriblər.
Bu məsələdə yeni Ümumavropa fəlsəfəsini də nəzərə almaq lazımdır.
Helsinki Aktında təsdiq edildiyi kimi, bu cür problemlər bütün
mümkün ağrılı, bəzən hətta qanlı ərazi mübadilələri ilə deyil,
vətəndaşların hüquqlarının vəziyyətinin, onlara yaxın mədəni
dəyərlərə, sosial və iqtisadi hüquqlara çıxışının yaxşılaşdırılması
ilə həll edilməlidir.
Sərhəd dəyişikliyi deyil, insan hüquqları dəyişikliyi - hər iki
ölkənin imzaladığı Avropa konvensiyalarının bizə diktə etdiyi şey
budur.
Beləliklə, problemin mümkün həlli yollarından yalnız biri
qalır:
- Monastırın Azərbaycan hissəsi Azərbaycanda qalacaq.
- Gürcüstan vətəndaşlarının monastırın Azərbaycan ərazisinə çıxışı
maksimum asanlaşdırılacaq və ...
- Hər şey olduğu kimi qalacaq.