Bakıda partlayış baş verib – xəsarət alanlar var
Yanvarın 15-də günorta saatlarında Bakıda Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən mebel sexində yanğınla müşaiət olunan partlayış baş verib. Hadisə yerinə FHN-in müvafiq xidmətləri cəlb olunub.

Yanğınla əlaqədar həmçinin polis əməkdaşları əraziyə cəlb olunub, təhlükəsizlik tədbirləri görülür, bu barədə DİN-in məlumatında deyilir.

Partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.

Son məlumata görə, 24 nəfər xəsarət alıb. Onlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər