Hökumət nümayəndələri Marneulinin tikintisinə 7 il əvvəl başlanılan mərkəzi stadionunda olublar (FOTO)
Marneulinin tikintisinə 7 il əvvəl başlanılan mərkəzi stadionunda tikinti işləri davam etdirilir. Marneuli şəhərində tikilən stadion UEFA II kateqoriyalı, 2 000 tamaşaçı tutumludur. 4 may tarixində stadionun tikinti prosesi ilə Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze, Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondunun icraçı direktorunun birinci müavini Qiorqi Tsibadze, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin müavini İlia Calağaniya, Marneuli meri Kənan Ömərov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və yerli özünüidarə orqanlarının əməkdaşları maraqlanıblar. Bu barədə məlumatı Marneuli meriyası yayımlayıb.

Məlumata görə, stadion kompleksində soyunub-geyinmə otaqları, vanna otaqları, tez qidalanma yerləri və digər təsərrüfat anbarları olacaq. Stadionun işıqlandırılması, səs və yanğın sistemlərinin quraşdırılması, televiziya reportajları üçün xüsusi yerlər təşkil ediləcək. Stadion fiziki imkanları məhdud şəxslər üçün də uyğunlaşdırılacaq.

Layihə Gürcüstan Hökumətinin maliyyəsi ilə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu tərəfindən həyata keçirilir və dəyəri 8,1 milyon laridir.

Marneulinin mərkəzi stadionunun tikinti işlərinin 2023-cü ilin dekabrına qədər tamamlanması planlaşdırılır.

Qeyd edək ki, stadion üçün smeta sənədlərini Marneuli bələdiyyəsi hələ 2016-cı ildən hazırlamışdı. Bunun üçün 150 000 lari xərcləmişdi. Ancaq qeyd olunan sənədin yenilənməsinə ehtiyac yaranmışdı. Çünki 2017-ci ildən Gürcüstan hökuməti tərəfindən tətbiq edilmiş "Tikililərin Təhlükəsizlik Qaydaları" texniki reqlamenti qüvvəyə mindi. 2019-cu ildə smeta sənədlərində dəyişiklik edildi. Bunun nəticəsində isə işlər üçün birinci tenderi elan etdilər. Məhz həmin tender dəyişdirilmiş/düzəldilmiş smeta sənədlərinə görə baş tutmadı.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google