“Marneuli gəncliyi sağlam həyat üçün” konfrans və marafonu keçirilib

 

Marneuli bələdiyyəsinin Yeni Dioqnisi kəndində sağlam həyat tərzinin populyarlaşdırılması məqsədilə qaçış və gənclərin konfransı baş tutub.



Tədbir “Gürcüstan Azərbaycanlı Qadınlar İttifaqının” təşkilatçılığı ilə “Marneuli gəncliyi sağlam gələcək üçün” layihəsi çərçivəsində Yeni Dioqnisi kənd ictimai məktəbi və Marneuli 4 saylı ictimai məktəbinin şagirdlərinin iştirakı ilə keçirilib.

“Bu layihə çərçivəsində biz Yeni Dioqnisi ictimai məktəbi və Marneuli 4 saylı ictimai məktəbində klublar yaratdıq. Klublar “Marneuli gəncliyi sağlam həyat üçün bizim gələcəyimizdir” adlanır. Həmin klublara lazımı idman ləvazimatları və texnika verilib. Klublar özü də gələcəkdə sağlam həyat tərzinin məşhurlaşdırılması üçün geniş tədbirlər keçirə bilərlər. Bu layihənin yekunu şagirdlərin, müəllimlərin, valideynlərin və kənd sakinlərinin iştirak etdiyi marafon və kiçik konfrans idi” – “Marneuli gəncliyi sağlam gələcək üçün” layihəsinin koordinatoru Kərim Hümbətov bildirib.

Marafonun qalibi Dioqnisi ictimai məktəbinin şagirdi Otar Saqnidze olub, ikinci yerə həmin məktəbin şagirdi Leri Şavadze, üçüncü yerə isə Marneuli 4 saylı ictimai məktəbinin şagirdi Nazim Qurbanov çıxıb.

“Gənclər üçün belə aktivliklərin keçirilməsi çox mühümdür, çünki ilk növbədə bu sağlam həyat tərzinin populyarlaşdırılmasıdır. Gənclər sağlam həyat tərzinin nə olduğunu öyrənirlər və buna əməl edirlər”, – Leri Şavadze bildirib.

“Marneuli gəncliyi sağlam həyat tərzi üçün” layihəsi “Psixiatriyada qlobal təşəbbüs – Tbilisi” Fondunun dəstəyi ilə, Avropa İttifaqının dəstəklədiyi “Vətəndaş Cəmiyyəti Bərpaetmə və Təhlükəsizlik üçün (CİSSCO)” layihəsinin üçüncü tərəfin maliyyə dəstəyi proqramı çərçivəsində həyata keçirilib.

Layihənin əsas məqsədi adiksiyanın aradan qaldırılması, yerli gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin populyarlaşdırılması, onların idman və ya maarifləndirici işlərlə maraqlanmasıdır.

 


Paylaşım "Marneuli" radiosu tərəfindən "I (birinci) Blok" ilə əməkdaşlıqla Avropa İttifaqının
dəstəyi ilə həyata keçirilən "Vətəndaş cəmiyyəti bərpaetmə və təhlükəsizlik üçün (Cissco)"
layihəsi çərçivəsində yaradılıb, layihəni "Psixiatriyada Qlobal Təşəbbüs - Tbilisi"
Fondu həyata keçirir. Onun məzmununa görə, tam məsuliyyəti "I (birinci) blok"
daşıyır və o Avropa İttifaqının baxışlarını əks etdirməyə bilər.

Print Email
FaceBook Twitter Google