Gürcü şairinin yazısı Azərbaycan dilinə tərcümə olundu
Gürcüstan Milli Parlament Kitabxansının direktoru və eyni zamanda tanınmış gürcü şairi Georgi Kekelidzenin yazdığı "Sənə məktublar" adlı yazısı, Neli Məmmədova tərəfindən tərcümə olunaraq, Azərbaycanda fəaliyyət göstərən və bir sıra şairlərin, yazıçıların əsərlərinin yer aldığı Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat Qəzetində" dərc olunub.
Tanınmış gürcü şairi Georgi Kekelidze "Sənə məktublar" adlı yazısında sevgi haqqında danışıb. Şair yazısında sevgini fərqli başlıqlarla öz oxucularına izah edib bunlara "Əbədi sevgi anatomiyası", "Sevgi riyaziyyatı", "Sevginin sükutla izahı və ya sükutun sevgi ilə", "Elçilik-İlin fəsilləri", "Sevginin başqa dərsi", "Sevgi təlimatları", "Sevgi gizlənpaçı", "Sevgi coğrafiyası", "Sevgi yaşsızlığı" daxildir.


Əbədi sevgi anatomiyası

Əgər mənim əlimin uzandığı qədər yaxın deyilsənsə, əgər gözlərimi uzatdığım yerlərdə səni tapa bilmirəmsə - o zaman, mütləq, düşüncələrimin uzandığı yerlərdəsən. Çünki düşüncə baxışları çox uzun olur. Günəş işığına bənzəyir. O, mən öləndən sonra da qalacaq və çox güman ki, sən də həmişəlik onun içində yaşayacaqsan. Görünür, əbədi sevgi məhz belə olur - hər ikimizi yer üzündə yox, düşüncələrin içində bağlayıram və o, bizsiz əsrlərin üzərindən uçub gedir.


Sevgi riyaziyyatı

Sevgi riyaziyyatı qeyri-dəqiqdir. Məktəb binasının divarına yazılan sadə "bu + o = sevgi" formulunun, zaman, bəzən üzvünü, bəzən da cavabını dəyişir. Buna görə də heç kəs, hələlik, sevgi dərsliyini yaza bilməyib. Əgər yazıbsa da, ikinci ili artıq yararsızdır. Yaxud da qəhrəmanları Romeo və Cülyetta ilə həmyaşıd olduqları zaman öldürüb və bununla, az da olsa sinik formada bizlərə demək istəyib ki, sevgi, o zaman əbədiləşir ki, o zirvədə olduğu zaman, onu ölüm yaxalayır. Hə, 30 yaşında Romeo, çox güman ki, Hamletə bənzəyərdi.

Buna görə də formulları pozmalıyıq. Daha dəqiq desəm, yalnız mən və sən qalmalıyıq, həm də, yalnız üstəgəl işarəsilə. Bizim nəyə bərabər oluğumuz barədə qoy zaman baş sındırsın - sabah, birisigün və sonrakı günlər...



Sevginin sükutla izahı və ya sükutun sevgi ilə


Sözləri yonub çardağa yığıram. Qış üçün tədarük görürəm. Hələ ki, yenə də bahardır - sükut da bəs edir. Oturmuşuq, biri-birimizə yox, uzaqlara baxırıq və o uzaqlarda daha aydın görürük bir-birimizi - yəqin sevgi də elə budur. Belə sükutla və çox sadə açırıq bir-birimizin - hisslərimizin üstündən bağları, düşüncələrimizin üstündən sehri - sonunda isə sevgimizi. Kölgələrimizlə biri-birimizə söykənib bu böyük sükutu dinləyirik, öyrənirik ki, sonra haradasa bir-birimizə əzbər deyə bilək. Sonra... qış üçün, sözləri yonub çardağa yığıram. Çardaqda saxlayıram.


Elçilik. İlin fəsilləri

Sənin gözlərinin baharına gecikmişəm, onlar yaşıllaşdığında başqa küləklər əsdirirdilər. Mən bir az gec gəldim, amma başqasının izi ilə yox, tamamilə başqa yollarla gəlmişəm və istəyirəm, bir az tez, gələcək üçün düşündüyüm qərarı sənə təkrarlayım: Sənin yaşıl gözlərinin payızı olmaq istəyirəm- istəyirəm, qışda birlikdə ölək.


Sevginin başqa dərsi

Müəllim, sinifdən çıxanda dərsi köçürürük. Sən mənim ürəyimin döyüntüsünü oxuyursan və nəfəsinlə mənə danışırsan. Mən sənin nəfəsini əzbərləyirəm - sənə geri qaytarıram - bu o deməkdir ki, eyni cür və həyəcanla nəfəs alırıq. Bu o deməkdir ki, - sevgi dərslərində çətinlik çəkmirik, çünki hissləri elə dəqiq köçürmüşük ki, bəlkə kiməsə nümunə kimi lazım olar...



Sevgi təlimatları


1. İnanma ki, sənin üçün gecələr yuxu gəlmir gözümə.

2. İnanma ki, həmişə buludlarda yaşayacağıq.

3. İnanma ki, sevgim göylərə çatır.

4. İnanma ki, məndən getsən intihar edərəm.

İnanma, çünki sevirəm.

1. Sevgi yuxuya bənzəməlidir, yatıb oyanmayasan. Həm də yol azuqəsi üçün yuxuları birgə yonmalıyıq. Buna görə də, sənin üçün gecələr yuxusuz qalmıram.

2. Sevgi, torpaq üstünə atılmalıdır, torpaqla nəfəs almalıdır, yoxsa bir gün yanımızdan keçib, artıq bizi tanımayacaq, ətrimizi ala bilməyəcək - bizi - torpaqdan yoğrulmuş varlıqları. Bu səbəbdən də, həmişə buludlarda yaşamayacağıq.

3. Sevgini, necə ölçə bilərsən?

Addımlarla hesabladığın zaman.

Addımlarla hesablayırsan və çatana qədər dizin qatlanır.

Buna görə də, onun uzunluğunu heç kim bilmir.

Buna görə də inanma ki, sevgi onuncu göylərə çatır.

4.Hərdən sevgi elə ucada olur ki -

intihar etmək də istəmirsən;

bədəni tərk edən ruh da çata bilməz o ucalara.

Buna görə də öz içində oturursan.

Kefsiz, silahsız.

Buna görə də sənin üçün intihar etmərəm. Çünki sevirəm.



Sevgi gizlənpaçı


Bəzən, sən yumursan, mən çıxıram, bəzən isə, sən məni axtarırsan. Bəzən isə mən... və təkrar. Çünki bilirik, istədiyimiz an ikimiz də bir-birimizi taparıq, lap baxışlarımızı içimizə çevirsək və gündüz gecə ilə əvəzlənsə belə. Başqa cür sevgi yaşaya bilməz - hərdən bir-birimizi itirməliyik və axtarmamalıyıq. Hərdən biri-birimizi arxada buraxmalıyıq və baxmamalıyıq. "Qalib olan hardasan, qalib olan çıx!" - sevgini səsləməyə ehtiyac yoxdur, nə də sevgidə qalib olmur. Buna görə də hərdən sən yumursan, mən çıxıram, amma axtarmırsan. Hərdən isə mən... və təkrar.



Sevgi coğrafiyası

Bəzən elə yaxınsan ki, mənim ürək döyüntüm, artıq sənin ürək döyüntünün əks-sədasıdır.

Bəzən elə uzaq olursan ki, mənim ürək döyüntüm ümumiyyətlə kəsilir. Mənim üçün kəsilir.

Bəzən elə yaxın olursan ki, bir kölgə iki bədənə bəs edir.

Bəzən elə uzaq olursan ki, mənim baxışlarımın kölgəsi də sənə gəlib çata bilmir.

Buna görə də sərhədlər çəkmirik, vizalar götürmürük, biletlər də almırıq.

Sevgi həmişə yaxın - uzaqdır. Belə də olmalıdır. Belə daha da sevgidir.

Sevgi Yaşsızlığı

Sonra, illər keçdikdən sonra - kiməsə elə gələ bilər ki, ayağımız qırışlara ilişə və ya ağarmış saçlarımızın girovunda ayağımız sürüşə bilər, buna görə də, bizə öyrətdilər ki, sevginin yaşı olmur. Sevgi qocalmır. Sevgi daim 16 yaşındadır və bənzər hadisələr... yaxud da, deyirlər ki, sevgi köhnəlməlidir, qocalıb ağıllanmalıdır. Mən isə düşünürəm ki, sevgi üçün təqvimdə yalnız bir vərəq var, o vərəq ki, başqalarının arasından öz başımızı qoparırıq və həmin vərəqi külək aparır... Yadımda deyil, həmin vərəqin üstündə hansı tarix, hansı il yazılmışdı. Xatırlamıram və ya xatırlamaq istəmirəm. Mənim üçün bir, digəri üçün tamam başqa. Həmin gün olduğu kimi qalır. O, sevgi yaşıdır. Sevgi birgünlükdür, amma həmişə həmin gün olur. Durur və ya yellənir. Haradasa küləkdə... Təqvimsiz... Başqa vərəqlər olmadan...
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər