Marneulili gənclər tərəfindən "Rayon" adlı qısametrajlı filmin ikinci hissəsi təqdim edilib (VIDEO)
11:08 / 17.11.2020
Marneulili gənclər tərəfindən "Rayon" adlı qısametrajlı filmin
ikinci hissəsi tamaşaçılara təqdim edilib. Çəkiliş işləri Marneuli
şəhəri ilə yanaşı Tbilisi şəhəri və Əzizkənd və Kəpənəkçi
kəndlərində baş tutub.
Filmin əsas mövzusu Marneulidə yaşayan gənclərin həyat tərzidir.
Bir saatlıq filmdə əsasən gənclərin zorla evləndirilməsi, qızların
qaçırılması əks olunub. Film real hadisələr əsasında çəkilib.
Filmin ssenari müəllifi və rejissoru Elmar Xəlilov "Marneuli"
radiosu ilə söhbəti zamanı bildirdi ki, birinci “Rayon” filmi
kriminal hadisələr əsasında çəkilmişdi. Amma ikinci filmin mövzusu
dram janrındadır. Onun sözlərinə görə, bu filmdə sevgi mövzusuna
toxunublar.
Film maliyyə dəstəyi olmadan çəkilib. Xəlilov bildirdi ki,
gələcəkdə yeni filmlərin çəkilişini də planlaşdırırlar. Amma bunun
üçün maliyyənin olması çox önəmlidir.
Elmar Xəlilov onu da bildirdi ki, Marneuli meriyasının “Gənc
İdeyalar Müsabiqəsi”-nə də qatılıb və onun layihəsi qalib gəlib. O,
qazandığı layihə ilə texniki avadanlıq almağı və gələcəkdə daha
keyfiyyətli filmlər çəkməyi düşünür.
Qeyd edək ki, filmdə 10 nəfər həvəskar aktyor çəkilib, daha 5 nəfər
isə epizodlarda iştirak edib.